Əlavə şərhə ehtiyac yoxdur. Ötən mövsümün qızıl və gümüş medalçıları arasında səviyyə fərqi bu qədər böyük olmamalıdır. “Qarabağ” “Sabah”a 7 qol vurursa, bu, ya ağdamlıların mövsümdəki ən yaxşı oyununu keçirməsi ilə bağlıdır, ya da rəqib düşərgədə nələrsə baş verir.

Zənnimizcə, 1:7-nin səbəbi bunların hər ikisidir. “Qarabağ”da dünən hər şey alındı. Rəqib müdafiəçilər ağdamlıların hücumdakı təzyiqinə dözməyib səhvləri sıralayanda “Sabah”ın problemləri daha çılpaqlığı ilə üzə çıxdı.

Ölkə kubokunun 1/4 final mərhələsinin Masazırdakı ilk oyununda qeydə alınan nəticə “Sabah”ın avrokuboka yollanmaq üçün bir cəbhəsinin bağlanması anlamına gəlir. Cavab oyununda möcüzəyə ümid edənlər xəyalpərəstdir. Düzdür, dünən döyüşkən heyətlə mübarizə aparan “Qarabağ” Suraxanıdakı görüşə rotasiyalar etməklə çıxıb formal 90 dəqiqəni məğlub da bitirə bilər. Amma kubokda yarımfinala ilk vəsiqənin sahibi indidən bəllidir.

“Sabah”ın bu zərbədən tez ayılacağı inandırıcı deyil. Tərslikdən 12 gün ərzində ağdamlılarla 3 dəfə qarşılaşmaq lazım gələcək. Kubokdan əlini üzən “bayquşlar” heç olmasa, çempionat matçında revanş almağa çalışacaq. Ancaq dünənki psixoloji travmadan sonra həmin matç da çox çətin keçəcək.

Formasının zirvəsində olan “Qarabağ” “Braqa” ilə Avropa Liqası matçına kmi tonusda qalsa, əla olar. Yəqn ki, Qurban Qurbanov bunu bacarmaq üçün nələrsə düşünəcək. Murad Musayevin isə düşünmək üçün daha çox səbəbi var. Ötən mövsüm parlaq futbol sərgiləyən “Sabah” bu qədər aciz duruma düşməməliydi. Daxili problemləri yoluna qoymaq, klubiçi ab-havanı düzəltmək mümkün olmasa, bu iş istefa ilə bitəcək.

“Səbail” də evdə uduzdu. Uğursuz zolağa düşən “dənizçilər” 2024-cü ildə qələbə görməyib. Tovuzdakı məğlubiyyətə daha biri əlavə olunca komanda avrokubok xəyallarından xeyli uzaqlaşmış kimi görünür. Düzdür, çempionatda vəziyyət acınacaqlı deyil, üstəlik, kubokda da cavab oyunu var. Lakin “Səbail” də mövsümün ilk yarısındakı qədər inamlı təsir bağışlamır.

Çempionatdakı 7 oyunluq qələbəsiz seriyanı dayandıran “Zirə” səfər oyununda qazanılan uğur sayəsində əhvalını xeyli düzəltdi. 2:0 üstünlük davam etsəydi, “qartallar” yarımfinala daha yaxın olardı, lakin fərqin azalması da Rəşad Sadıqovun yetirmələrinin üstün durumda olmasına əngəl deyil. Ötən həftə Premyer Liqa görüşündə hakim qərəzi sayəsində bu rəqibini yenə bilməyən “Zirə” təmiz mübarizədə güclü olduğunu isbatladı. Ona görə də cavab matçı öncəsi “Səbail”in imkanlarını yüksək dəyərləndirə bilməyəcəyik.

İnsaf naminə, hər iki komandanın ifasında gözəl futbol izlədik. Bayılda rəqiblər həm yaxşı futbolu, həm də barışmaz mübarizəsi ilə zövqümüzü oxşadılar. Daha güclü olaın kimliyinə isə cavab matçı aydınlıq gətirəcək. O zamanadək “Səbail”in heyətdək itklərinin azalması, meydana daha optimal heyətlə çıxması gözlənilir.

1/4 final mərhələsinin ilk oyunların keçirildiyi birinci gün qonaqların sevinməsi ilə nəticələndi. Səfər qolunun ləğv olunduğu bir vaxtda “Səbail”i siyahıdan tam silmək olmaz. “Sabah”ın isə sabahına ümid də qalmadı.

FƏRİD

Shares: