“Səbail”in qapıçısı Hüseynəli Quliyevin futbolinfo.az saytına müsahibəsi
– Söhbətə ölkə kubokundan başlayaq. 1/4 finalın ilk oyununda evdə “Zirə”yə 1:2 hesabı ilə uduzdunuz. Yarımfinala adlamaq şansınız nə qədərdir?
– Yaxşı oynadıq, təəssüf ki, məğlub olduq. Amma baş məşqçimizin matçdan sonra dediyi kimi, bu, birinci hissə idi. Bizi “Zirə” ilə səfərdə cavab oyunu gözləyir. Əlimizdən gələni edəcəyik ki, həmin görüşdə uğurlu nəticə qazanaraq yarımfinala adlayaq.
– Premyer Liqanın 20-ci turunda isə “Turan Tovuz”la qarşılaşdınız. Cari mövsümdə bunadək keçirdiyiniz hər iki görüşdə Tovuz klubuna qalib gəldiyiniz halda, bu dəfə meydandan xalsız ayrıldınız. Məğlubiyyətin səbəbini nədə görürsünüz?
– Rəqibdən asılı olmayaraq, hər oyuna qalib gəlmək üçün çıxırıq. Bu, futboldur, bəzən işlər planlaşdırdığımız kimi getmir. Təbii ki, uduzmaq üzücüdür. Ancaq məğlubiyyətlərdən nəticə çıxarıb digər oyunlara daha da yaxşı hazırlaşmalıyıq.
– Qış fasiləsindən sonra çempionatda keçirdiyiniz 2 görüşdə ümumilikdə 1 xal qazanmısınız. Bu nəticə qaneedicidir?
– Çempionatın ikinci yarısına “Zirə” ilə oyunla start verdik. “Zirə” güclü rəqibdir. Həmin matçda heç-heçə qeydə alındı. Oyunumuz yaxşı alınsa da, təəssüf ki, qol vurub qələbə qazana bilmədik. Tovuzda isə oyunumuz alınmadı. Təbii ki, istəyimiz hər iki görüşdən maksimum nəticə ilə ayrılmaq idi. Amma 1 xalla kifayətlənməli olduq.
– 20-ci turda “Araz-Naxçıvan”, “Sabah” və “Turan Tovuz” aradakı xal fərqini azaldaraq, sizə bir qədər də yaxınlaşdılar. Hazırkı mövqeyinizi itirmək təhlükəsi sizi narahat etmir?
– Bütün rəqiblərimizlə xal fərqi azalıb. Bizdən yuxarı pillələrdə olanlarla da qapanmayacaq fərq yoxdur. Düzdür, istər-istəməz narahatlıq olur. Amma çalışırıq ki, ən yaxşısını düşünək və ona köklənək. Daha yaxşı nəticə qazanıb çempionatı üst pillələrdə bitirmək istəyirik.
– Səlahət Ağayev zədəli olduğu üçün son matçlarda sizə şans verilir. Öz çıxışınızı necə qiymətləndirirsiniz? Səlahət zədədən qayıdandan sonra əsas heyətdəki yerinizi qorumaq sizin üçün çətin olmayacaq?
– İnşallah, Səlahət tez bir zamanda zədəsini sağaldıb aramıza qayıdar. Çox təcrübəli futbolçu, milli komandamızın qapıçısıdır. Yığmada xeyli sayda oyun keçirib. Məşqlərdə, oyunlarda onun təcrübəsindən faydalanmağa, öyrənməyə çalışıram. Təbii ki, son qərarı məşqçilərimiz verir. Onların qərarına hər zaman hörmətlə yanaşıram. Əsas komandamızın uğur qazanmasıdır. Səlahət də, mən də bunun üçün əlimizdən gələnin ən yaxşısını etməyə çalışırıq.
– Növbəti turda çempionatın lideri “Qarabağ”la üz-üzə gələcəksiniz. Cari mövsümdə Ağdam klubu ilə keçirdiyiniz iki oyunun birində siz qələbə qazanmısınız, digərində rəqib. Budəfəki matçda hansı nəticəyə ümid edirsiniz?
– “Qarabağ”ın gücünü hər birimiz yaxşı bilirik. Buna baxmayaraq, əlimizdən gələnin ən yaxşısını edəcəyik. Oyunu yaxşı nəticə ilə başa çatdırmaq istəyirik.
– “Səbail” mövsümün sonunda avrokuboklara vəsiqə qazanan komandaların sırasında ola biləcək?
– Hər birimiz mövsümü yaxşı nəticə ilə bitirməyi hədəfləyirik. Bunun üçün sona qədər mübarizə aparacağıq. Ümid edirəm ki, mövsümün sonunda hədəfimizə çatacağıq.
FƏRİD