Kurban Berdıyev Mahaçqalanın “Dinamo” klubunun baş məşqçi vəzifəsindən ayrılıb. Bu barədə klubun yaydığı açıqlamada bildirilib. O, öz istəyi ilə klubdan istefa verib.

Rusiya mətbuatının yazdığı xəbərə görə, 71 yaşlı mütəxəssis bu gün futbolçularla vidalaşacaq.

Onun çalışdıracağı gözlənilən komandalar arasında Azərbaycan millisinin də adı keçir. Lakin daha əvvəl AFFA-dan Berdıyevlə danışıqlar aparılmadığı bildirilib. Bu gün müraciət etdiyimiz qurum rəsmiləri yenidən eyni fikri təsdiqlədi.

Digər versiya “Sabah”la bağlıdır. Eyni gündə Murad Musayevin də istefaya getməsi üzündən Berdıyevin Bakı klubuna təyinat alacağı barədə xəbərlər dolaşır. Lakin “Sabah” bu xəbərləri təsdiq etmir. Musayevin qəfil qərarını gözləməyən bakılılar hələlik məşqçi axtarışına başlamayıb.

Qeyd edək ki, Berdıyev “Dinamo”ya 2023-cü ilin yayından başçılıq edir. Hazırda komanda Rusiya birinci liqasında liderdir.

Shares: