Futbol üzrə Azərbaycan millisinin məşqçisi Arif Əsədovun futbolinfo.az saytına müsahibəsi

– Azərbaycan Kubokunda 1/4 final mərhələsinin ilk oyunları keçirildi. “Sabah”ın “Qarabağ”a ağır məğlubiyyətini (1:7) çıxmaq şərtilə, digər 3 cütlükdə komandaların yarımfinala adlamaq şanslarını necə dəyərləndirirsiniz?

– Düz qeyd etdiniz, “Qarabağ” növbəti mərhələyə çıxmaq işinin öhdəsindən artıq 100 faiz gəlib. Ancaq digər cütlüklərlə bağlı konkret proqnoz vermək çətindir. “Zirə” səfərdə “Səbail”i 2:1 hesabı ilə üstələdiyi üçün üstünlük nisbətən onların tərəfindədir. Bu cütlükdə komandaların mərhələ adlamaq şanslarını 60/40 olaraq dəyərləndirirəm. Ancaq kubokun hazırkı formatında səfərdə vurulan qolların üstünlük sayılmadığını nəzərə alsaq, şanslar bərabər də sayıla bilər. Eyni sözləri “Sumqayıt” – “Neftçi” cütünə də aid edərdim. “Neftçi” oyunun gedişində 3:0 hesabı ilə öndə idi, bu, rahat hesab idi. Ancaq vurduğu 2 qol “Sumqayıt”ın da şansını saxladı. Bu cütdə də üstünlük 60/40 olaraq bir qədər “Neftçi”nin tərəfindədir. Amma hər şey ola bilər, çünki kubok oyunudur. Tam bərabər şanslar isə “Araz-Naxçıvan” – “Qəbələ” cütündədir. İlk oyunda qeydə alınan 1:1 hesabı hər iki komandanın şanslarını bərabərləşdirir.

– “Sabah”ın öz meydanında “Qarabağ”a 1:7 hesabı ilə uduzacağı heç kimin ağlına gəlməzdi. Sizcə, bu cür nəticənin qeydə alınmasına nə səbəb oldu?

– Təbii ki, “Sabah”ın bu hesəbla uduzacağını heç kim gözləmirdi. Nəzərə alaq ki, kubok matçlarında 2 oyunluq strategiya müəyyənləşdirilir, iki görüşün nəticəsinə əsasən növbəti mərhələyə adlayan komandanın adına aydınlıq gəlir. Amma bu cütlükdə ilk oyundaca qeydə alınan böyükhesablı məğlubiyyət birtərəfli şanslar yaratdı. Hər iki komanda hücumameylli futbol nümayiş etdirdi və açıq futbol getdi. Bilirik ki, “Qarabağ” daim “1 nömrə” kimi oynayır. Amma “Sabah” da evdəki matçda qollar vurmaq, qalib gəlmək istəyirdi ki, ikinci görüşdə rəqibin müqavimətinə tab gətirməklə mərhələ adlasın. Ancaq açıq futbol, daha çox əks-hücumdan vurulan qollar “Sabah”a problem yaratdı.

– Ağır məğlubiyyətə görə istefa verən Murad Musayevin gedişi indiki halda komandanın xeyrinə olacaq, yoxsa “Sabah”ı daha çətin vəziyyətə salacaq?

– Bunu demək çətindir. Mətbuatdan oxudum ki, rəhbərliklə Musayev arasında qarşılıqlı razılaşma əsasında əməkdaşlığa son qoyulub. Yəqin ki, rəhbərlik tərəfindən bütün detallar nəzərə alınıb və klubun xeyrinə olduğu üçün bu addım atılıb.

– Murad Musayevin rəhbərliyi altında “Sabah” ötən mövsüm uğurlu çıxış edərək gümüş medallara sahib çıxdı. Ancaq avrokubokda “Partizan”la cavab görüşündən sonra komandanın başının üstünü qara buludlar almağa başladı. Bunu ancaq Kaşuk və Mikelsin gedişi ilə bağlamalıyıq, geriləmənin başqa səbəbləri də var?

– Murad Musayev “Sabah”dakı ilk mövsümündə komandanı tanıdı və formalaşdırdı, ikinci sezonunda nəticə verdi. Amma cari mövsümdə komandanın çıxışında eniş müşahidə olundu. Bunu klubdan ayrılan oyunçularla da əlaqələndirmək olar. Lakin inkişaf etmək istəyən klub 1-2 futbolçudan asılı olmamalıdır. Gedənin yerinə eləsi gətirilməlidir ki, komandanın oyun fəlsəfəsi, strategiyası pozulmasın.

– Əvvəl işlədiyiniz digər klub – “Neftçi”nin hazırkı durumu haqda nə deyə bilərsiniz? Yeni çalışdırıcı Miodraq Bojoviçin işi sizi qane edir?

– “Neftçi”də hazırda yaxşı atmosfer hiss olunur. Adətən yeni məşqçi gələndə komandada ruh yüksəkliyi yaranır. Bu, “Neftçi”nin oyunlarında da görünür. Adrian Mutunun dövrü ilə müqayisə etsək, “Neftçi” indi daha çox hücum futbolu oynamaq istəyir. Mutunun vaxtında komanda evdə və ya səfərdə çıxış etməsinə baxmayaraq, adətən “2 nömrə” kimi oynayırdı. Bu da “Neftçi”yə yaraşmayan hal idi. Amma indi görürük ki, komanda hücuma keçməyi, qollar vurmağı düşünür. “Neftçi”də ab-hava müsbətə doğru dəyişib. Bu da gələcək nəticələrdə öz təsirini göstərə bilər.

ABBAS

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp