“Turan Tovuz”un yarımmüdafiəçisi Ayxan Quseynovun futbolinfo.az saytına müsahibəsi

  • Söhbətə Misli Premyer Liqasının XXI turunda “Sabah”la keçirdiyiniz oyundan (1:1) başlayaq. Rəqib meydana baş məşqçisiz çıxmışdı. Qələbə qazanmaq üçün yaxşı imkan əldə etsəniz də, bundan yararlana bilmədiniz…
  • “Sabah” yaxşı komandadır, heyəti səviyyəli futbolçulardan ibarətdir. Matçdan öncə çox adam deyirdi ki, onlar meydana baş məşqçisiz çıxacaqları üçün yaxşı oyun göstərə bilməyəcəklər. Lakin biz görüşün ağır keçəcəyini bilirdik. Təbii ki, qalib gəlmək istəyirdik. Amma meydanı məğlub tərk edə də bilərdik. Bu mənada, heç-heçəni ədalətli nəticə sayıram.
  • Qış fasiləsindən sonra keçirdiyiniz 3 oyunda ümumilikdə 4 xal qazanmısınız. Bu nəticədən razısınız, yoxsa düşünürsünüz ki, daha çox xal toplaya bilərdiniz?
  • Hesab edirəm ki, daha çox xal toplaya bilərdik. Fasilədən sonra keçirdiyimiz ilk görüşdə qələbə qazanmalıydıq. Ancaq “Kəpəz”lə oyunda futbolçumuza göstərilən qırmızı vərəqə hər şeyi korladı. Ümumi yanaşsaq, yaxşı futbol göstəririk. Qış təlim-məşq toplanışını əla keçirdik. Çalışacağıq ki, turdan-tura oyunumuzu daha da yaxşılaşdıraq.
  • Çempionatın ikinci yarısına fərdi olaraq daha yaxşı başlamısınız. Qış fasiləsindən sonra artıq 2 qol vurmusunuz, sonuncu matçda isə məhsuldar ötürmə ilə yadda qaldınız. Yəqin ki, öz oyununuzdan razısınız…
  • Fasilədən sonra belə məhsuldar başlanğıc etmək çox xoşdur. Bununla belə, öz oyunumdan tam razı olduğumu deyə bilmərəm. Üzərində işləməli olduğum, futbolçu kimi artıra biləcəyim məqamlar çoxdur.
  • “Turan Tovuz”un yeni transferləri – İsmayıl Zülfüqarlı, Fərid Yusifli və Aleks Souza haqda hansı fikirdəsiniz?
  • Yaxşı uşaqlardır. Hər üçü güclü futbolçudur. Onların gücümüzə güc qatacaqlarına, komandaya kömək edəcəklərinə əminəm. Artıq meydana çıxdıqları ilk matçlardan etimadı doğruldurlar.
  • Növbəti turda sizi “Qəbələ” ilə matç gözləyir. Evdə keçirəcəyiniz bu görüşdən 3 xalla ayrılmaq mümkün olacaq?
  • Bu mövsüm evdə, azarkeşlərimizin önündə daha yaxşı oynayırıq. Bununla belə, rəqibi qiymətləndirməmək olmaz. “Qəbələ” yaxşı komandadır. Bizi maraqlı oyun gözləyir. Təbii ki, meydana qələbə qazanmaq üçün çıxacağıq.
  • Artıq ikinci mövsümdür ki, Azərbaycan çempionatında çıxış edirsiniz. Misli Premyer Liqasının səviyyəsi sizi qane edir?
  • Azərbaycan çempionatının səviyyəsi ildən-ilə yüksəlir. Bu mövsüm rəqabət daha da güclənib. Hətta sonuncu pillələrdə qərarlaşan komandalar da ön sıralarda gedənlərdən xal və ya xallar ala bilirlər. Bu, yaxşı göstəricidir.
  • Milliyətcə azərbaycanlı olsanız da, hazırda Rusiya vətəndaşlığını daşıyırsınız. Azərbaycan vətəndaşlığını qəbul etmək və milli komandanın formasını geyinmək istərdiniz?
  • Damarımdan təmiz azərbaycanlı qanı axır. Təbii ki, Azərbaycan vətəndaşı olmaq istəyirəm. Milliyə çağırılmaq, öz vətənimin yığmasında oynamaq arzusundayam.

FƏRİD

Shares: