“Çətin oyun oldu. Turnir cədvəlindəki mövqeyimizə görə qalib gəlməliydik, amma alınmadı”. Bunu futbolinfo.az-a açıqlamasında “Qəbələ”nin hücumçusu Samuel Tetteh deyib.
Qanalı forvard Misli Premyer Liqasının 21-ci turunda “Zirə” ilə 1:1-lik bərabərliyə imza atdıqları oyundan danışıb: “Biz hər oyunda qalib gəlmək istəyirik və bu, bizim üçün vacibdir. İlk qolu vurmuşduq, heç-heçə ilə 2 xal itirsək də, bu, uduzmaqdan daha yaxşıdır. Ən azından 1 xalı əldə etdik. Belə deyək ki, “sağ qalmaq üçün” bundan sonrakı oyunlarda mütləq qələbələr qazanmalıyıq”.
28 yaşlı hücumçu onlara ən yaxın komanda olan “Kəpəz”lə aralarında fərqin yüksəlməsinə isə belə şərh verib: “Əlbəttə ki, bizə çox çətin olacaq. Amma hər oyun artıq final kimidir. Belə qəbul edib meydana çıxmalıyıq. Bir az da şanslı olmaq lazımdır, bəxtimiz gətirməlidir”.
Tetteh Azərbaycan Kubokunun ¼ finalının cavab matçında “Araz-Naxçıvan”a qarşı keçirəcəkləri oyundan da söz açıb: “Biz daha şanslıyıq və evdə qalib gələ bilərik. İnanmalı və məşqçinin dediyini etməliyik”.