Son günlər Misli Premyer Liqasında legioner limitinin dəyişdirilməsi üçün yenidən kampaniya başlanıb. Klublar Komitəsinin iclasında bu barədə təklif irəli sürülüb, müzakirə aparılıb.

Təklif qəbul edilməsə də, müzakirənin bitdiyini düşünmək olmaz. Çünki daha öncə də oxşar təklif irəli sürülmüş, rədd edilmiş, təkrar-təkrar qaldırılmış və 6+5 həddi 7+4-ə çevrilmişdi. İndi isə limiti 8+3 şəklində dəyişməyə cəhd edirlər. Bu isə o deməkdir ki, razılıq verilsə, komandalar start heyətində 8 əcnəbiyə güvənəcək.

Bu təklifin “Sabah” tərəfindən irəli sürülməsi, “Neftçi” tərəfindən dəstəklənməsi olayın ən qəribə tərəfidir. Bu gün ən yaxşı akademiya “Sabah”dadır, uşaq futboluna diqqət göstərən digər ən yaxşı klub “Neftçi”dir. Məntiqlə yeni nəsil yetişdirən klublar legioner sayının azaldılmasında maraqlı olmalıdır ki, növbəti illərdə öz yetirmələrindən istifadə edib rəqabətdə üstünlük qazansınlar. Maliyyə əcnəbilərə xərclənəcəksə, o akademiyalardakı uşaqlar kimin üçün yetişdirilir?

Deyə bilərsiniz ki, start heyətindəki əcnəbilərin sayı 6-dan 7-yə qaldırılandan sonra ölkədən kənara yollanan futbolçularımızın sayı 10-u keçib. Lakin Polşaya yollanan Rahil Məmmədov istisna olmaqla, digərlərinin məhz rəqabət üzündən sərhədləri aşdığını demək olmaz. Bizimkilər əsasən Türkiyənin aşağı liqasına axın ediblər ki, bunun da səbəbi var. Türkiyədə komandalara türkdilli ölkələrdən olan bir futbolçuya legioner sayılmadan oynamağa icazə veriləndən bəri bizimkilərə maraq artıb. Təsadüfi deyil, ən çox legionerimizin olduğu Türkiyə 1-ci Liqasında heç bir klubda iki həmyerlimiz yoxdur, hamısı müxtəlif komandalara səpələnib bu da məhz birnəfərlik limitə görədir.

İndiki halda limitin dəyişməsinə gərək yoxdur, bəlkə də yayda bunu müzakirə edib növbəti mövsümdə tətbiq etmək olar. Lakin buna nə gərək var? Əcnəbi sayı 7-yə qalxdıqdan sonra bundan faydalanan klublarımızın heç biri səviyyəsini yüksəldə bilmədi, əksinə, “Qarabağ” hamını böyük fərqlə üstələdi. Təklifi dəstəkləyən “Sabah”la “Neftçi”nin heyətindəki əcnəbilərə baxanda görünür ki, məqsəd heyəti gücləndirmək yox, kəmiyyəti artırmaq olub. Legioner bolluğunun menecerlərə daha faydalı olduğunu isə hamı bilir.

Fakt odur ki, illərdir Azərbaycan futbolunda yüzmilyonlar dövr edib, amma gənc nəslin inkişafına diqqət ayrılmayıb. Elə buna görə də klublar hətta 4 yerli oyunçunu tapmaqda çətinlik çəkir, ya xaricdə yetişmiş azərbaycanlıları, ya da milliləşənləri düşərgəsində cəm edir. Çempionat matçlarının protokollarına baxaraq dəhşətə gəlmək mümkündür.

Misli Premyer Liqasının 21-ci turunda meydana çıxmış futbolçuların syahısına baxmaqla uçurumun kənarında olduğumuzu görərik. Təsəvvür edin, son turda meydana ümumilikdə 151 futbolçu çıxıb. Onlardan cəmi 55-i yerli futbol məktəbinin yetirməsidir. Başqa sözlə, oyunçuların 60 faizdən çoxu ya milliləşən, ya legioner, ya da başqa ölkədə yetişmiş azərbaycanlıdır.

Məsələn, “Sumqayıt” – “Neftçi” oyununda meydanda olmuş 29 nəfərdən cəmi 5-i yerli futbol məktəbinin yetirməsidir. “Kimyaçılar”ın oyun ərzində xidmətindən yararlandığı 13 oyunçudan 11-i, “Neftçi”də 16 nəfərdən 13-ü Azərbaycanda yetişməyənlərdir.

Hələ üç komandanın müxtəlif səbəblərdən məcbur qalıb yerli futbolçulara şans verdiyini unutmayaq. 5 əsas oyunçusu cəzalı olan “Qəbələ”, 4 futbolçusu zədəli və ya xəstə olan “Kəpəz”, bir neçə üzvü eyni səbəbdən kənarda qalan “Araz-Naxçıvan” limitə uyğun davransaydı, faiz etibarı ilə yerlilərin sayı daha az olacaqdı. Hansı ki, bu komandaların heyətində meydana çıxan bir neçə gənc başqa vaxt qətiyyən şans qazanmayacaq, bəlkə də mövsümdə yeganə oyunlarını keçirdilər.

Faktiki, mövsümün ümumi gedişatına baxsaq, hər tur meydana çıxanların cəmi 30-40 faizi Azərbaycanda yetişənlər olur. Limitin 8+3 şəklində dəyişməsi hər komandada daha bir yerin legionerə verilməsi demək olur ki, belədə 1/5 nisbətinə kimi eniş mümkündür. Çünki klublar təkcə legionerlərə yox, eyni zamanda milliləşənlərə (Höccət Haqverdi, Bədavi Hüseynov, Filip Ozobiç, Eddi İsrafilov və başqaları) və başqa ölkələrdə yetişmiş azərbaycanlılara (Emin Mahmudov, Anatoli Nuriyev, Aleksey İsayev və başqaları) şans verir.

Bütün bunları nəzərə alaraq, limiti müzakirəyə çıxaranlar futbolumuzun sabahını da düşünməlidir. Limit dəyişəcəksə, milliləşənlərin, başqa ölkələrdə yetişən həmyerlilərimizin sayında müəyyən qadağalar tətbiq edilməlidir. Əks halda, yerli gənclər ya ümumiyyətlə yetşməyəcək, yetişənlər də oynamağa şans qazanmayacaq, etimad görməyəcək, karyerası gənc yaşda bitəcək.

FƏRİD

Shares: