Bu gün Fransanın paytaxtı Parisdə UEFA-nın 48-ci Növbəti Konqresi keçiriləcək. “Maison de la Mutualite” konfrans mərkəzində təşkil olunacaq Konqresdə AFFA-nın vitse-prezidentləri – Elşad Nəsirov, Vaqif Sadıqov və baş katib Sərxan Hacıyev iştirak edəcək.

Futbolinfo.az xəbər verir ki, AFFA prezidenti Rövnəq Abdullayevin tədbirə qatılmaması maraqlı faktdır. Qaydaya görə, dəvət həmişə prezident, vitse-prezident və baş katibə gəlir. Təbii ki, yenə eyni cür olub, amma Abdullayev Fransaya getməyib, onu Vaqif Sadıqov əvəz edib, digər iki şəxs isə protokola uyğun olaraq Parisə gedib.

Rövnəq bəyin kənarda qalması təsadüf sayıla bilməz. Ötən ay Abdullayevin xəstəliyi bəhanə gətirilərək Gəncədəki açılış mərasimləri və İcraiyyə Komitəsinin iclası təxirə salınmışdı. Bu dəfə isə səbəb göstərilmir. Güman ki, növbəti dəfə prezidentliyə hətta namizəd olmayacağı bəlli olan Rövnəq bəy bu şəkildə kənara çəkilir.

Xatırladaq ki, bu gün həmçinin UEFA Milətlər Liqasının 2024/2025-ci illər mövsümünün püşkatma mərasimi keçiriləcək. Tədbirdə AFFA-nın vitse-prezidentləri – Elşad Nəsirov, Vaqif Sadıqov, baş katib Sərxan Hacıyev, Azərbaycan milli komandasının məşqçisi Arif Əsədov, Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Elnur Məmmədli və İcraiyyə Komitəsinin protokolu Orxan Əhmədov iştirak edəcəklər.

Shares: