“Qarabağ”la “Sabah” 12 gün ərzində ölkə kubokunda iki, çempionatda bir oyunda üz-üzə gəldi, hərəsi bir qələbə qazandı. Ağdamlıların 13:8 hesablı üstünlüyü onlara yarımfnala adlamağa və çempionatda xal fərqini qorumağa imkan verdi.

Amma “Qarabağ”ın 7:1 hesablı qələbəsinə Murad Musayev şahid olduğundan, onun istefası ilə müvəqqəti olaraq baş məşqçi postuna əyləşən İqor Ponomaryovu statsitikada üstün saya bilərik. Çünki “Sabah” onun vaxtında səfər matçlarında uduzmadı, kubokda təsəlli qələbəsi qazandı, çempionatda vacib xal qazandı.

“Sabah”ın oyunundakı irəliləyiş göz qabağındadır. Komanda belə davam etsə, avrokuboklara yollanmaq üçün lazım olan xal ehtiyatını təmin edəcək. Ponomaryov Musayevin vaxtındakı gərginliyi aradan qaldırmağa nail olub. İndi futbolçular daha sərbəst görünür, daha inamlı təsir bağışlayır. “Qarabağ”ın dünən meydana optimal heyətlə çıxdığını, “Braqa” ilə matça görə rotasiya etmədiyini nəzərə alsaq, “Sabah”ın qazandığı xal daha qiymətli sayılmalıdır.

Oyuna gəlincə, 4 penalti qolunun vurulduğu matç baxımlı alındı. Rəqiblər barışmaz mübarizə apardı və yekunda layiqli nəticəyə şahid olduq. Xal itkisi “Qarabağ”a bir o qədər təsir etməyəcək, indiyədək böyük fərq yaratmaq mümkün olub. “Sabah” isə son dəqiqədə top buraxmasaydı, daha yüksək pilləyə qalxardı.

“Qarabağ”ın 3-cü qolu zamanı kobud səhv edən Yusif İmanovu qınamağa dəyməz. Şanssızlıq yaşayan gənc qolkiper həmin anadək bir neçə yüzfaizli epizodun qəhrəmanı olmuşdu. Ağdamlılar təzyiq sayəsndə stədiyi qədər qol vurmaq bacarığını göstərdi, lakin komandanın müdafiədəki oyununu müzakrə etməyə dəyər. Ümid edək ki, “Braqa” ilə matçda oxşar ssenari yaşanmayacaq.

İstənilən halda, “Qarabağ” ölkə daxilində əsas istəyinə vaxtından əvvəl nail olduğundan, matçlara rahat çıxır. Bir az da əylənərək futbol oynayan komandanın çox qol buraxmasının bir səbəbi də budur. “Sabah” isə büdcəsinə, heyətinə uyğun futbol oynamağa başlayıb. Bakılılar mövsümün əvvəlindən belə çıxış etsəydi, bəlkə də Premyer Liqada intriqa bu qədər erkən bitməzdi.

FƏRİD

Shares: