“Sumqayıt” klubunun futbolçusu Rövlan Muradovun futbolinfo.az saytına müsahibəsi
- Misli Premyer Liqasının 22-ci turunda “Zirə” ilə səfər matçından 1 xalla ayrıldınız. Bu nəticə sizi tam qane etdi?
- Oyuna qələbə üçün köklənmişdik. Amma sonda meydandan 1 xalla ayrıldıq. Çox istərdik ki, qələbə qazanaq, alınmadı. Buna da şükür olsun.
- Oyunun əvvəlində hesabda önə keçmək üçün yaxşı fürsət əldə etsəniz də, penaltini qola çevirə bilmədiniz. Adətən 11 metrlik cərimə zərbələrində səhvə yol vermirsiniz. Bu dəfə fürsəti qaçırmağınız nə ilə bağlı oldu?
- Belə səhvə yol verəcəyimi heç düşünməzdim. Penaltini qola çevirə bilmədiyimə görə çox məyus oldum. Fürsətdən istifadə edib “Sumqayıt”a bağlı olan hər kəsdən üzr istəyirəm. Penaltini qola çevirə bilsəydim, bəlkə də meydanı qalib tərk edəcəkdik.
- Penalti epizodunu dəyərləndirə bilmədiyiniz üçün fasilədə və ya oyundan sonra baş məşqçi Samir Abasov sizə irad tutdumu?
- Xeyr, heç bir irad tutmadı. Baş məşqçimiz başda olmaqla, hər kəs mənə dəstək nümayiş etdirdi və futbolda belə halların baş verməyinin mümkünlüyünü qeyd etdi.
- Bu mövsüm keçirdiyiniz 3 görüşün heç birində “Zirə”yə qalib gələ bilməmisiniz. Bunun səbəbini nədə görürsünüz?
- “Zirə” ilə hər 3 oyunumuz çox gərgin keçib. Bu görüşlərdə qalib gəlmək üçün əla şanslarımız olub, amma yararlana bilməmişik. Artıq növbəti matça köklənirik.
- Növbəti turda “Turan Tovuz”u qəbul edəcəksiniz. Rəqib son 3 oyunda 7 xal toplayıb. Bu görüşdə şansları necə dəyərləndirirsiniz?
- Bilirik ki, “Turan Tovuz” səfərdə də çox yaxşı oyun göstərir. Rəqibin heyətində keyfiyyətli futbolçular cəmlənib. Ümid edirəm ki, doğma meydanda keçirəcəyimiz oyunun sonunda sevinən tərəf “Böyük şəhərin tək komandası” olar.
- Sizcə, “Sumqayıt” ikinci pillədəki yerini mövsümün sonuna qədər qoruya biləcək?
- Hazırda qərarlaşdığımız yerin məsuliyyətini dərk edirik. Ümid edirəm və inanıram ki, ikinci pillədəki mövqeyimizi sonadək qoruyub saxlaya bilərik. Çünki gözəl, sağlam kollektivimiz var. Komandada hər kəs bir-birinə dəstək olur.
- Millətlər Liqasındakı rəqiblərimiz haqda hansı fikirdəsiniz? İsveç, Slovakiya və Estoniya ilə eyni qrupda yer alan yığmamızdan hansı nəticəni gözləmək olar?
- Bu komandalara qarşı gözəl oyunlarımız olub və hər üçünə qalib gəlmişik. Ümid edirəm ki, yığmamız hər üç rəqiblə görüşlərdə istəkli oyun göstərərək, sonda bütün Azərbaycan xalqını sevindirə biləcək.
AĞA