Azərbaycan milli komandasının sabiq futbolçusu Ruslan Qurbanovun futbolinfo.az saytına müsahibəsi

– Bildiyimiz qədərilə, hazırda heç bir peşəkar klubun üzvü deyilsiniz. Elədirsə, hansı işlə məşğulsunuz?

– Bəli, heç bir klubda oynamıram. Sadəcə, özüm üçün məşq edirəm. Artıq qocalmışam, 32 yaşım var (gülür).

– Azərbaycan futbolunu izləyirsiniz? Futbolumuzda hansı dəyişikliklər diqqətinizi çəkib?

– Əlbəttə, izləyirəm. Həm Azərbaycan klublarını, həm də milli komandanın çıxışını daim diqqətdə saxlayıram. Yaxşı nəticələr qeydə alınanda sevinirəm.

– “Qarabağ”ın Avropa Liqasının pley-off mərhələsində səfərdə “Braqa”nı 4:2 hesabı ilə üstələyəcəyini gözləyirdiniz?

– “Qarabağ”a “afərin” deyirəm. “Braqa” kimi komanda üzərində səfərdə inamlı qələbə qazandılar. Bu oyunu televiziya vasitəsilə canlı yayımda izlədim. “Qarabağ”ın qalibiyyəti məni çox sevindirdi. Azərbaycan futbol ictimaiyyətini bu cür möhtəşəm qələbə münasibətilə təbrik edirəm.

– Bakıda keçiriləcək cavab qarşılaşmasından hansı nəticəni gözləyirsiniz? “Braqa” burada “Qarabağ”a problem yarada bilərmi?

– Məncə, “Qarabağ” rəqibin ona sürpriz etməsinə imkan verməyəcək və yeni tarix yazacaq. Bu komandanın əla baş məşqçisi və kollektivi var. Onlar avrokuboklarda böyük təcrübəyə malikdirlər. Odur ki, “Qarabağ” “Braqa” ilə cavab matçında necə oynamalı olduğunu yaxşı bilir. Onlara uğurlar arzulayıram.

– Sabiq komandanız “Neftçi” haqda da fikirlərinizi bilmək istərdik. Adrian Mutunun Bakı klubunda heç nə edə bilməməsini necə qarşıladınız?

– “Neftçi”nin bütün oyunlarını izləyirəm. Çünki “Neftçi” mənim sevimli klubumdur. Açığı, Mutunun Azərbaycandakı işinin alınacağını düşünürdüm. Ancaq heç də həmişə istədiyin kimi olmur.

– “Neftçi”nin hazırkı çalışdırıcısı Miodraq Bojoviçin “ağ-qaralar”ı əvvəlki əzəmətinə qaytaracağına inanırsınız?

– Məncə, Bojoviç “Neftçi”də sözünü deyə biləcək. Sadəcə, ona bir qədər vaxt vermək lazımdır. Yeni transferlər də komandaya əlavə güc qata bilərlər. Bojoviç yaxşı mütəxəssisdir və iddialı klubları çalışdırıb. “Neftçi”nin oyunlarına baxanda həmişə həyəcanlanıram. Bu komanda mənim ürəyimdədir. Çünki karyeramdakı inkişaf “Neftçi”dən başlayıb. Bu yaxınlarda 15 yaşı tamam olan “Forza Neftçi” azarkeş qrupunu təbrik edirəm. Onlara təşəkkürümü bildirirəm, həmişə qəlbimdə qalacaqlar.

– Azərbaycan yığmasının yeni baş məşqçisinin kim olacağına hələ də aydınlıq gəlməyib. Sizcə, yeni çalışdırıcı yerli mütəxəssis olmalıdır, yoxsa əcnəbi?

– Xarici məşqçi gətirməkdə məna görmürəm. Əcnəbi mütəxəssisin gətirilməsi pul itkisidir, bunun millinin nəticələrinə müsbət təsiri olmayacaq. Təbii ki, ən doğru qərarı AFFA verəcək. Kimin gəlməsindən asılı olmayaraq, Azərbaycan yığmasına uğurlar arzu edirəm. Mən yeni çalışdırıcının yerli olmasının tərəfdarıyam. Azərbaycanlı məşqçilərə şans vermək, onların inkişafına nail olmaq lazımdır. Məsələn, bir müddət əvvələdək azərbaycanlı futbol hakimlərini beynəlxalq oyunlara dəvət etmirdilər. Amma indi azərbaycanlı referi “Mançester Siti”nin də oyununa təyinat alır. Bu da onu təsdiqləyir ki, özününküləri inkişaf etdirməlisən.

FƏRİD

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp