“Qarabağ”ın və Azərbaycan yığmasının sabiq müdafiəçisi Azər Məmmədovun futbolinfo.az saytına müsahibəsi

– “Qarabağ” avrokuboklarda 1/8 finala adlamaqla Azərbaycan futbolunda yeni tarix yazdı. “Braqa” ilə cavab matçının bu qədər həyəcanlı keçəcəyini gözləyirdiniz?

– İki ölkənin çempionatını müqayisə etsək, bu cütlükdə “Braqa”nın favorit olduğu düşünülürdü. Püşkatmadan sonra Portuqaliyalı klubunun mərhələ adlamaq şansı daha çox dəyərləndirilirdi. Ancaq “Qarabağ” səfərdəki oyunu və qələbəsi ilə göstərdi ki, elə deyil. Əslində, “Qarabağ” hələ pley-offa çıxmağı ilə Azərbaycan futbolu üçün böyük iş görmüşdü. “Braqa” ilə ikinci oyun daha həyəcanlı keçdi. Mən də matç ərzində çox həyəcanlandım. Bununla belə, ilk görüşdəki qələbədən sonra “Qarabağ”ın mərhələ adlayacağına inam çox idi.

– Qırmızı vərəqədən və iki qol buraxdıqdan sonra “Qarabağ”ın mərhələ adlayacağına inamınız azalmamışdı?

– “Braqa” kimi komandaya qarşı 10 nəfərlə mübarizə aparmaq asan məsələ deyil. Ancaq “Qarabağ” azlıqda qalmasına baxmayaraq, qorxaq futbol oynamadı. Müdafiəyə çəkilmədi, ürəkli futbol nümayiş etdirdi. Açığı, qırmızı vərəqə və 2 qol buraxdıqdan sonra ümid azalmışdı. Elvin Cəfərquliyev meydandan uzaqlaşdırılandan sonra adamda sual yarandı ki, “Qarabağ” 10 nəfərlə tab gətirə biləcəkmi? Ancaq oyun göstərdi ki, “Qarabağ” bunu bacaracaq gücdədir. Bu, Azərbaycan futbolu üçün böyük, tarixi uğurdur.

– Səfərdəki matçda real qol şansını qaçıran Nəriman Axundzadə Bakıdakı cavab görüşündə həlledici qolu vurdu. Tarixi qola gənc futbolçumuzun imza atması sizi daha da qürurlandırdımı?

– Düzü, mən Nərimanın səfərdəki matçda qaçırdığı qol epizodu ilə bağlı fərqli düşüncədəyəm. Nəriman perspektivli, gənc futbolçudur. Avropa Liqasının pley-off mərhələsində “Braqa” kimi rəqiblə görüşdə gənc azərbaycanlı futbolçunun qol fürsəti əldə etməyin özü böyük nailiyyətdir. Hər futbolçu Nərimanın yaxaladığı epizodu qazanmır. Həmin qol imkanının ələ düşməsi üçün düzgün mövqe seçimi etməlisən. Nəriman bunu edə bildi. Qol ola da bilər, olmaya da, bunlar futbolda olan hallardır. Nərimanın səfərdəki oyunda qol vurmasını çox istəyirdim. Gənc futbolçu adına bu, əla olardı. Allah elə etdi ki, Nəriman həmin fürsəti Bakıda da qazandı. Bu, onun bacarığından xəbər verir. Meydana çıxandan sonra qol imkanı əldə etdi və həlledici qolu vura bildi.

– Növbəti rəqib “Bayer” olacaq. “Qarabağ”ın qrupdakı hər iki oyunda uduzduğu və hazırda heç kimin qarşısını kəsə bilmədiyi Leverkuzen klubuna sürpriz yaşatmaq şansı varmı?

– Dediyiniz kimi, “Qarabağ” artıq qrupda “Bayer”lə 2 oyun keçirib. İndi “Bayer”i daha yaxşı tanıyırıq, onlara qarşı oyun təcrübəmiz var. Bilirik ki, “Bayer” hansı gücə, hansı səviyyəyə malikdir. Bu baxımdan bizə bir qədər faydası ola bilər. Ancaq oyun yenə ağır keçəcək. Etiraf edək ki, bu gün nəinki biz, bütün dünya “Bayer”in yüksəlişdə olan performasından danışır. “Qarabağ”ı çox çətin oyun gözləyir. Rəqib sürətli futbol oynayan komandadır. Ancaq yenə də futboldur, ümidimizi üzməyək. Kim bilir, bəlkə də “Qarabağ” daha böyük tarix yazacaq?

– Millimizin Millətlər Liqasındakı rəqibləri haqda hansı fikirdəsiniz? Yığmamız İsveç, Slovakiya və Estoniyanı qrupda qabaqlaya bilərmi?

– Təyin olunacaq yeni baş məşqçidən, onun futbolçu seçimindən, seleksiyasından çox şey asılı olacaq. Əlbəttə ki, məşqçinin oyun üslubu da böyük rol oynayacaq. Bu rəqiblərlə oynamışıq. Ötən seçmə mərhələdə İsveç üzərində qələbə qazanmışdıq. Ancaq mən deyim ki, İsveç keçənilki İsveç olmayacaq, həmin vaxt futbolçuları gənc idi, artıq hamısı təcrübə toplayıb. Fərqli İsveç millisi görəcəyik. Eyni sözləri Slovakiya yığmasına da aid edirəm. Hər üçü ilə oynamaq olar. Amma qrupda bizə ən uyğun rəqib Estoniyadır, onlarla başabaş mübarizə aparacaq gücdəyik. Digər komandalarla oyunlarımız isə çətin keçəcək.

AĞA

Shares: