“Sumqayıt” 6 xallıq oyunda qələbə qazanmaqla avrokuboklara vəsiqə üçün sonadək döyüşəcəyini göstərdi. Əsas rəqiblərdən birində, həm də səfərdə alınan 3 xal enişə keçəcəyi gözlənilən komanda üçün əla nəticədir.
“Səbail” yenə ilk yarını pis, ikinci hissəni yaxşı keçirdi. Amma bu dəfə Şahin Diniyevin cəhdləri oyunu çevirmək üçün yetərli olmadı. Düzdür, qonaqlar bəxtə və qapıçı Mehdi Cənnətova da minnətdar olmalıdır. Onun penaltini dəf etməsi sayəsində qazanılan xallar irəlidə “Sumqayıt”a çox faydalı olacaq.
“Səbail” Azərbaycan çempionatı üçün yaxşı sayıla biləcək futbol oynayır. Amma tarixdə nəticə qalır. “Dənizçilər” evdə qələbə qazanaraq 2-ci pillədəki mövqeyini qoruyacağı halda gözlənilmədən hətta heç-heçə də edə bilmədi. Artıq nəfəs dərməyə imkan yoxdur, hər matçda döyüşmək, yuxarı pillələrdə qalmaq üçün mübarizə aparmaq lazım gələcək.
“Sumqayıt” da son turlar qeyri-sabit oynayır. Əla seriyadan sonra ardıcıl uğursuz oyunlar olmasaydı, Samir Abasovun yetirmələri izləyiciləri ilə fərq də yaradardı. Amma xüsusən “Kəpəz”ə ev məğlubiyyəti orta sıralarda mübarizəni qızışdırdı.
Turun növbəti oyunları vəziyyətə bir qədər də aydınlıq gətirəcək. Xüsusilə Tovuzda keçiriləcək ardıcıl iki oyun arokubok yarışına rəng qatacaq. “Kəpəz” 9-cu pillədən qurtulmaq, “Turan Tovuz” yuxarılardan qopmamaq üçün ciddi səy göstərəcək. Lakin “Araz-Naxçıvan” da kritik dönəmdədir, növbəti məğlubiyyət hətta məşqçilər korpusunun dəyişməsinə səbəb ol bilər.
FƏRİD