“Qarabağ” növbəti çempionluğu aprelə saxlamayacaq. Milli komandanın oyununa görə yaranan fasilədən dönən kimi reallaşacaq 4-cü dövrənin lk turundaca ağdamlılar qızıl medalları rəsmiləşdirəcək. Öz evində “Kəpəz”ə qonaq olacaq Qurban Qurbanovun yetirmələri üçün bu, problem olmamalıdır.

Mövsüm sona yaxınlaşdıqca daşlar yerinə oturur. Sürpriz iddialılar yavaş-yavaş layiq olduğu yerlərə sürüşür, öncədən favorit sayılanlar yuxarı pillələrdə möhkəmlənir. Bu baxımdan “Sabah”la “Neftçi”nin “Qarabağ”ın izləyicisinə çevrilərək ötənmövsümkü düzülüşə düşdüyünü görmək təəccüblü deyil. Paytaxt klubları hər nə qədər qeyri-sabit oynasalar da, potensiallarına uyğun pillələrdədirlər. Çox güman, sonadək də ciddi eniş yaşamayacaqlar.

“Sabah”ın dünən “Sumqayıt”ı səfərdə yenməsi xüsusilə önəmli oldu. “Kimyaçılar” ev məğlubiyyəti ilə birdən-birə 3 pillə gerilədi. “Səbail” kimi onlar da artıq ilk “dördlük”dən kənardadır. 4-cü dövrə daha gərgin keçəcək. Mükafatlar uğrunda mübarizə aparan komandalar rəqiblərinə güzəşt etməyəcək və belədə imkanları indi özlərindən yuxarıdakı komandalardan yaxşı olmayan sumqayıtlıların hətta daha alt pillələrə düşməsi mümkündür.

Dünən 3-cü dövrənin son matçınadək Tovuzda da oyun baş tutdu. Evdə məğlubiyyətsiz oyunlar seriyası yaxalayan “Turan Tovuz” avrokubok matçından yorğun dönən “Qarabağ”ı büdrətmək fürsəti qazanmışdı. Ayxan Abbasovun yetirmələri tribunaları dolduran azarkeşlərin dəstəyi ilə ağdamlılara erkən şok yaşada bildi. Start heyətdə yer aldığı əksər oyunlarda kobud səhvlə yadda qalan, ötən günlərini unutdurmaqda olan Maksim Medvedevin “yardımı ilə” meydan sahibləri penalti qazanıb hesabı açdı.

Lakin zaman keçdikcə qonaqlar təzyiqi artırıb istəyinə nail oldu. İkinci heyəti də çempionluq uğrunda mübarizə aparmaq iqtidarında olan “Qarabağ” bərabərlik qolunu vurdu, daha sonra əsas oyunçuların meydana çıxması ilə qələbə hesabını təmin etdi. Ağdamlılar “Bayer”lə matçlarda hansı durumda idisə, “Turan Tovuz” da eyni aqibəti yaşadı – oyunun favoriti zamanla əsl gücünü ortaya qoyub layiq olduğu 3 xalı qazandı.

Beləcə “Qarabağ”ın yorğunluğu da işə yaramadı və “Turan Tovuz”un uğurlu seriyası bitdi. Meydan sahiblərinin cəsarətli oyunu ustalıq ortaya çıxanda faydasız oldu.

27 tur başa çatıb və bu müddətdə “Qarabağ” əsas izləyicisi ilə 26 xallıq fərq yaradıb. Artıq diqqətini yalnız daxili yarışlara yönəldəcək çempion tezliklə titulunu rəsmiləşdirdiyini elan edəcək, daha sonra isə maksimum nəticə üçün oynayacaq.

FƏRİD

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp