Azərbaycan Premyer Liqasının 27-ci turunda 2 avtoqol qeydə alınıb. “Neftçi” – “Səbail” oyununda meydan sahibləri, “Sumqayıt” – “Sabah” matçında isə qonaqlar rəqibin özünü cəzalandırmasına sevinib.
Futbolinfo.az saytının məlumatına görə, bununla cari mövsüm qeydə alınan avtoqol sayı 10-a çatıb. Bunun isə 6-sı iki komandanın payına düşür. “Sabah” və “Araz-Naxçıvan”ın oyunçuları 3 dəfə qapıları səhv salıblar. Maraqlıdır ki, bakılıların 2 avtoqolu “Araz-Naxçıvan”la 2 fərqli görüşdə reallaşıb.
Ən çox (5) avtoqol “Araz-Naxçıvan”ın qarşılaşmalarında vurulub. Bu mövsüm Premyer Liqaya qayıdan Naxçıvan təmsilçisi 2 dəfə də məhz bu sayədə sevinc yaşayıb. “Sabah” və “Səbail”in oyunlarında isə 4 avtoqol qeydə alınıb.
Bu baxımdan ən “məhsuldar” oyunçu “Araz-Naxçıvan”ın müdafiəçisi Numan Kurdiçdir. Bosniya və herseqovinalı futbolçu “Səbail” və “Qarabağ”la matçlarda rəqibləri sevindirib.
Avtoqollardan 4-ü birinci, 6-sı isə ikinci hissələrdə vurulub.
Bu mövsüm yalnız “Turan Tovuz” və “Kəpəz”in oyunlarında belə hal baş verməyib.
“Sabah” – 3
III tur: Con İrasabal (“Neftçi” ilə oyun) – 1:1
IX tur: İshak Belfodil (“Araz-Naxçıvan”) – 1:1
XVII tur: Boyan Letiç (“Araz-Naxçıvan”) – 0:2
“Araz-Naxçıvan” – 3
XV tur: Numan Kurdiç (“Səbail”) – 1:1
XIX tur: Numan Kurdiç (“Qarabağ”) – 1:3
XXIV tur: Vanderson Melo (“Zirə”) – 0:3
“Səbail” – 2
XVIII tur: Adi Mehremiç (“Sumqayıt”) – 0:1
XXVII tur: Nir Bardea (“Neftçi”) – 0:3
“Qəbələ” – 1
XVII tur: İlkin Qırtımov (“Səbail”) – 0:3
“Sumqayıt” – 1
XXVII tur: Murad Xaçayev (“Sabah”) – 1:2