Azərbaycanın uşaq futbolundakı problemlərdən illərdir danışılır, yazılır, lakin bu sahədə ciddi irəliləyişə nail ola bilmirik ki, bilmirik. “Azərbaycanda futbol yoxdur, futbolçu yoxdur” fikri bu sahədən anlayışsız və məlumatsız olanların ortaya atdığı uydurmadır. Ölkəmizdən həmişə istedadlı futbolçular çıxıb, çıxır, bundan sonra da çıxacaq. Problem o istedadların hamısını üzə çıxara bilməməkdədir. Necə deyərlər, material var, şərait yoxdur.
Bəzi uşaqlar yararsız süni örtüklü meydançaların qurbanına çevrilir, ağır, xroniki zədələr alaraq futbolla erkən vidalaşırlar. Bəziləri səriştəsiz və bacarıqsız məşqçilərin əlinə düşdükləri üçün xəyalları puç olur. Bəziləri isə əsl akademiyalarımız hələ formalaşmadığı üçün futbolla təhsili eyni anda davam etdirə bilməyəcəyini anlayır və savadsız qalmamaq üçün təhsilin dalınca qaçırlar. Halbuki uşaqlara akademiyalarda futbol bilikləri ilə yanaşı, normal məktəb təhsili də verilsəydi, bu addımı atmazdılar.
“Avropa ilə müqayisədə çox geridə qalmışıq”
Uşaq futbolunun problemlərini saymaqla bitməz. Müxtəlif vaxtlarda müxtəlif klublarda bu sahədə təqdirəlayiq işlər görülüb. Amma bu, problemlərin aradan qaldırılması üçün yetərli deyil.
Məsələ ilə bağlı futbolinfo.az saytına danışan Azərbaycan millisinin sabiq müdafiəçisi Saşa Yunisoğlu maraqlı məqamlara toxunub. Hazırda “Sabah”ın U-19 komandasında məşqçi işləyən Yunisoğlu söhbətə uşaq futbolunun hazırkı vəziyyət və əsas problemlərindən başlayıb: “Ölkədə uşaq futbolunun vəziyyətinin ideal olduğunu deyə bilmərik. Həll edilməli çox məsələ var. Yeni futbol akademiyaları yaradılmasa, Azərbaycanda futbol heç vaxt Avropa səviyyəsinə çıxmayacaq. İndi ölkədə bir çox futbol akademiyası mövcuddur. Amma təkcə akademiya adı verməklə iş bitmir. Akademiyada uşaqların qalması, qidalanması, təhsil alması və məşq üçün bütün şərait olmalıdır. Şərait üçün şərtlər bunlardır: yaxşı bir neçə futbol meydançası və avadanlıq. Azərbaycan futbolunun inkişafını istəyiriksə, bunlar olmalıdır. Avropanın hər hansı bir klubunun akademiyasına baxın, görəcəksiniz ki, biz çox geridə qalmışıq”.
“Bəzi oyunlara baxanda dua edirik ki, heç bir uşaq zədə almasın”
Yunisoğlu uşaq futbolunun əsas problemləri sırasında süni örtüklü meydançaların olduğunu diqqətə çatdırıb. O, uşaq futbolundakı mövcud problemləri qısa zamanda aradan qaldırmağın mümkün olmadığını deyib: “Azərbaycanda uşaqlar görün hansı meydançalarda oynayırlar. Normal səviyyəli süni meydançalar olsaydı, bu, normaldır. Kənardan gözəl, yaşıl görünən meydançalar əslində 15 il qabaq istifadə müddəti bitmiş, beton üstündə olan, köhnə, heç bir standartlara cavab verməyən süni ot örtükləridir. Çempionatda bəzi oyunlar çox bərbad örtükdə keçirilir ki, bu cür meydançada oynayan uşaqların çoxunda 15-16 yaşında xroniki zədələr əmələ gəlir. Bəzi oyunlara baxanda insan Allaha dua edir ki, heç bir uşaq yıxılmasın və zədə almasın. Uşaq futbolunun problemləri qlobal xarakter daşıyır. Yəni bu, 1-2 ilin işi deyil. Problemlərdən qurtulmaq və inkişaf etmək istəyiriksə, uzunmüddətli proqram olmalıdır”.
“Hər yaş qrupu üzrə millidə “Sabah”ın uşaqları çoxluq təşkil edir”
Bəs, “Sabah” klubunda uşaq futbolu ilə bağlı işlər necə qurulub? Sabiq müdafiəçi bu suala da cavab verib: “Sabah”da bu yöndə işlər çox gözəl gedir. Ən əsası odur ki, rəhbərlik uşaq futbolunun inkişafında çox maraqlı və istəklidir. Akademiya üçün, demək olar ki, bütün şərait yaradılır. Hər yaş kateqoriyasında rayondan gələn uşaqlar var. Hər birinin yaxşı yerdə qalması, qidalanması və təhsil alması, həmçinin uşaqların məşqlərə avtobusla aparılıb-gətirilməsi klub tərəfindən qarşılanır. Hətta şəxsi propbemləri olanda klub əlindən gələn qədər kömək etməyə çalışır. Hazırda klubumuz akademiya üçün “ASK Arena”nı icarəyə götürüb. Artıq 2 ildir əsas və 4-cü meydança “Sabah”ın akademiyasının sərəncamındadır. İş gedir, bunun nəticəsində hazırda Azərbaycanın hər yaş qrupu üzrə milli komandasında “Sabah”ın uşaqları çoxluq təşkil edir. Əsas komandamızda da artıq öz yetirmələrimiz var. Bu bizi daha da ruhlandırır və həvəsləndirir”.
“Yeni futbol tendensiyaları operativ şəkildə Azərbaycan məşqçilərinə çatdırılır”
Uşaq futbolunda çalışan məşqçilərin ümumi səviyyəsi, bu sahədə yetərincə savadlı, işini yaxşı bacaran kadrın olması da çox önəmli məqamdır. Yunisoğlu qeyd edib ki, son illərdə bu istiqamətdə irəliləyiş var: “AFFA UEFA məşqçilik kurslarını artıq ildə 1 dəfə yox, 3-4 dəfə təşkil edir. “C” “B” “A” və “Pro” kateqoriya kursları keçirilir. Bu, çox gözəldir. Əvvəl hamı istəyirdi ki, hər yaş kateqoriyasında ancaq baş məşqçilər hansısa kateqoriyaya malik olsunlar, köməkçilərə o qədər da diqqət yetirmirdilər. İndi isə klublar və federasiya istəyir ki, baş məşqçilərlə yanaşı, köməkçi məşqçilər də futbol savadını artırsınlar. Bu, olduqca vacibdir. Onu da vurğulayım ki, federasiyamızın təşkil etdiyi bütün məşqçi kursları UEFA tərəfindən çox yüksək qiymətləndirilir. Aslan Kərimovun rəhbərlik etdiyi bütün təlimçilər-instruktorlar ildə bir neçə dəfə UEFA-nın təşkil etdiyi seminarlarda, toplanışlarda aktiv şəkildə iştirak edirlər. Yəni Avropada olan yeni futbol tendensiyalarını operativ şəkildə Azərbaycan məşqçilərinə çatdırır və istiqamətləndirirlar. Yaxşı məşqçi olmaq üçün əziyyət çəkmək lazımdır”.
“Uşaqların yarısı 16 yaşına çatanda zədələrə görə futbolla vidalaşırlar”
Millimizin keçmiş üzvü bildirib ki, aşağı yaş qruplarında istedadlı, böyük perspektiv vəd edən uşaqlar yetərincədir: “Onları ölkə futboluna qazandırmaq üçün qlobal, yuxarı səviyyədə planlaşdırma olmalıdır. Dediyim kimi, ən vacib məsələ şərait məsələsidir. Hazırkı şəraitdə istedadlı uşaqların yarısı 16 yaşına çatanda zədələrə görə futbolla vidalaşırlar. İkinci vacib məsələ isə təhsildir. Uşaq 18 yaşına çatanda əsgərlik məsələsi ortaya çıxır. Universitetə daxil olanlar hərdən məşqlərdən qalırlar. Universitetə daxil ola bilməyənlər isə hərbi xidmətə gedirlər. Uzun müddət futbolsuz qalandan sonra qayıtmaq çətin olur”.
“Məşqçi ilə valideyn arasında pərdə olmalıdır”
Bu sahədə vacib məsələlərdən biri də məşqçilərin valideynlərlə münasibəti, ünsiyyətidir. Valideynlər öz uşaqlarını daha güclü, istedadlı sayır, övladlarının daim oynamasını arzulayır və bunu görmədikdə məşqçilərə etiraz edirlər. Yunisoğlu da təsdiqləyir ki, valideynlərlə ünsiyyət düzgün formada qurulmalıdır: “Hər bir valideyn üçün öz övladı ən yaxşıdır, bu, normaldır. Bəzi valideynlər uşaq az oynadığına görə məşqçiyə etirazlarını bildirirlər. Bildiyiniz kimi, 13 yaşadək aşağı yaş qruplarında xal sistemi yoxdur. Yəni komandanın qalib gəlməsi və ya uduzması fərq etmir. Bunu qəsdən belə ediblər ki, məşqçilər bütün oyunlara eyni heyət, ancaq güclü futbolçuları buraxmasınlar, nisbətən zəif uşaqlara da şans versinlər. Bu sistem özünü doğruldur. Etirazlar azalıb və hazırda daha çox uşaq oyun praktikası qazanır. Bu sistem tətbiq olunandan sonra valideynlər məşqçinin işinə nadir hallarda qarışırlar. Yuxarı yaş qruplarında isə vəziyyət fərqlidir. Xal sistemi var və istər-istəməz butün komandalar qələbə qazanmaq istəyirlər. Burada isə məşqçilər artıq ən güclü saydıqları futbolçulara daha çox oynamaq şansı verirlər. Nəticədə az oynayan uşaqların valideynləri etirazlarını bildirirlər. Belə şeylər həmişə olub, bundan sonra da olacaq. Burada məşqçidən çox şey asılıdır. O, valideynə uşağının az oynamasının səbəbini düzgün başa salmalıdır. Valideyn başa düşmür ki, sonda məhz məşqçi hesabat verəcək. Bu səbəbdən heç bir məşqçi zəif uşağı oynatmaq istəməz. Hesab edirəm ki, məşqçi ilə valideyn arasında həmişə pərdə olmalıdır. Heç kim heç kimə nəsə borclu deyil. Konkret “Sabah”a gəlsək, bizim rəhbərlik aşağı yaş qruplarında çalışan heç bir məşqçinin qarşısına mütləq çempionluq tapşırığı qoymayıb. Bizim məqsədimiz uşaqları inkişaf etdirməkdir. Amma hamımız yaxşı başa düşürük ki, məşqçinin məqsədi olmasa, rəqəbət hiss etməsə, inkişaf mümkün deyil. Çünki məqsədə çatmaq üçün nəinki futbolçu və məşqçi, adi insan da öz üzərində çalışır, işinə daha ciddi və məsuliyyətli yanaşır. Nəticədə arzusunu yerinə yetirmək üçün rəqabətdə qalib gəlmək, inkişaf etmək məcburiyyətində qalır. Buna görə də inkişaf və nəticə mənim üçün ayrılmazdır”.
İLQAR AĞAYEV
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.
Sahə: Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu