“Turan Tovuz”un müdafiəçisi Şəhriyar Əliyevin futbolinfo.az saytına müsahibəsi
– Premyer Liqanın son turunda “Qarabağ”la oyunda hesabı açıb fasiləyə üstün yollansanız da, yekunda məğlubiyyətlə (1:3) üzləşdiniz. Yaxşı nəticə üçün nə çatmadı?
– Ağır oyun olacağını bilirdik. Bununla belə, rəqibdən xal almağa çalışdıq. Birinci hissədə daha yaxşı çıxış etdik. Pressinq edə, təzyiq göstərə bilirdik. Bunun sayəsində qol da vurmuşduq. Amma hesabdakı üstünlüyümüzü saxlamaq mümkün oldu. İkinci hissədəki qol şanslarını qaçırdıq. “Qarabağ” təcrübəli komandadır. Məhz bu amil rəqibin qələbə qazanmasında əsas rol oynadı.
– Matça əlavə olunmuş dəqiqələrdə qapınıza təyin olunan penalti birmənalı qarşılanmadı. Həmin epizodda penalti var idi?
– Həmin epizod zamanı hakimə yaxınlaşdım. Dedi ki, bizim futbolçumuzun dizi rəqibə dəyib. Elə bir vəziyyət idi ki, cüzi toxunuş da rəqib oyunçunun yıxılması ilə nəticələnə bilərdi. İsmayıl Zülfüqarlı o epizodda rəqibi vurmağa çalışmırdı. Bəlkə də bilmədən yüngülvari toxunuş olub. Hakim mənə toxunuşun olduğunu bildirdi.
– Növbəti oyunu “Səbail”ə qarşı keçirəcəksiniz. Bakıdan uğurlu nəticə ilə ayrılmaq mümkün olacaq?
– Bizi çox ağır səfər matçı gözləyir. Belə görüşlər “6 xallıq oyun” adlandırılır. Hər iki tərəf üçün qələbə vacibdir. Kim qalib gəlsə, turnir cədvəlindəki vəziyyətini yaxşılaşdıra bilər. Matça yaxşı hazırlaşaraq meydanı uğurlu nəticə ilə tərk etməyə çalışacağıq.
– Geridə qalan 3 dövrə ərzində “Turan Tovuz”un ümumi çıxışını necə qiymətləndirirsiniz?
– Elə oyunlarımız oldu ki, adi səhvlərdən xallar itirdik. Həmin xalları itirməsəydik, bəlkə də indi ikinci yerdə idik. Turnir cədvəlindəki mövqeyimiz pis deyil. Əlimizdən gələni edəcəyik ki, sonuncu dövrədə daha çox xal qazanaq.
– İkinci pillədən cəmi 5 xal geri qalırsınız. Avrokuboklara vəsiqə qazanmaq şansınızdan faydalana biləcəksiniz?
– Avrokuboklara vəsiqə qazanmaq şansımız qalır. Komandaların xalları bir-birinə yaxındır. Ardıcıl 2 oyunda qələbə qazananda turnir cədvəlindəki mövqeyimiz xeyli dəyişir. İndiki məqamda bütün diqqətimizi “Səbail”lə görüşə yönəltmişik. Bu matçda qələbə qazana bilsək, mövqeyimiz daha da yaxşı ola bilər. Millinin oyunları ilə əlaqədar təxminən 10 günlük fasilə oldu. Bu müddətdə toplanış keçirdik. Toplanışın bizə daha da güc verəcəyini düşünürəm. Qarşıdakı 9 oyunda maksimum nəticə qazanmaq istəyirik.
– Millinin son toplanışına dəvət alan futbolçuların sırasında olmadınız. Ümumiyyətlə, yığmadan dəvət gözləyirdiniz? Millinin Monqolustan və Bolqarıstanla keçirdiyi oyunlar haqda hansı fikirdəsiniz?
– Hər bir futbolçu millidə oynamaq istəyir. Kimi çağırmaq, kimi çağırmamaq məşqçilər heyətinin qərarıdır. Yığmanın son oyunlarına gəlincə, Monqolustan çox qapanmışdı. Rəqib zəif də olsa, güclü də olsa, qapalı futbol oynayırsa, əziyyət çəkirsən. Həmin görüşdə real qol şanslarımız çox oldu. Sadəcə, Monqolustanın qapıçısı yaxşı oynadı. Bolqarıstanla matçda da komandamız pis çıxış etmədi.
FƏRİD