2008-2012-ci illərdə “Bakı” klubunda oynamış xorvatiyalı sabiq qapıçı Marko Şarliyanın futbolinfo.az saytına müsahibəsi

– Bildiyimiz qədərilə hazırda Zaqreb “Dinamo”sunda fəaliyyət göstərirsiniz…

– Bəli, artıq 7 ildir ki, “Dinamo”un U-19 komandasında qapıçı məşqçisi kimi fəaliyyət göstərirəm. Həmçinin akademiyada bütün məşqçilərin koordinatoru vəzifəsini icra edirəm.

– Azərbaycandakı karyeranızı xatırlayanda hansı hissləri keçirirsiniz?

– Azərbaycanda futbol oynamaq mənim üçün möhtəşəm təcrübə idi. Ölkənizdə özümü evimdəki kimi hiss edirdim. Buna görə Azərbaycana təşəkkürümü bildirirəm.

– 4 il formasını geyindiyiniz “Bakı”da birgə oynadığınız futbolçularla indi də əlaqə saxlayırsınız?

– Bəli, 4 il “Bakı”nın formasını geyinmişəm. Bu klubda gözəl günlərim olub. Keçmiş komanda yoldaşlarımdan Ernad Skuliç, Aleksandr Şoliç, Xalidu Sissoko və Saşa Yunisoğlu ilə bugünədək ünsiyyətimiz davam edir.

– Karyeranızı Azərbaycanda davam etdirdiyiniz müddətdə çempionatımızda çıxış edən hansı futbolçuları bəyənirdiniz?

– Həmin vaxt Azərbaycan Premyer Liqasında xeyli sayda yüksək səviyyəli legioner oynayırdı. Hamısının adını xatırlamaq çətindir. Amma onu deyə bilərəm ki, “Bakı”, “Neftçi”, “Xəzər Lənkəran”, “Qəbələ” və “Qarabağ” komandasında çoxlu yaxşı futbolçu çıxış edirdi. Yerli oyunçular da böyük istedada malik idi.

– Azərbaycan çempionatını izləmək imkanınız olur?

– Azərbaycan Premyer Liqasına arada baxa bilirəm. Əvvəllər daha çox izləmək imkanım olurdu. Amma etiraf edim ki, indi bir o qədər izləyə bilmirəm.

– Misli Premyer Liqasında çıxış edən xorvatiyalı futbolçular haqda məlumatınız varmı?

– Bəli, var. Mən Azərbaycanda futbol oynamış və hazırda Premyer Liqanızda çıxış edən xorvat futbolçuların hamısı haqda məlumatlıyam. Şadam ki, buvaxtadək Azərbaycan çempionatında oynayan futbolçular arasında Balkan yarımadasının təmsilçiləri çox olub və onların hər biri öz səviyyələrini, oyunçu keyfiyyətlərini göstərə biliblər.

– “Sabah” klubu Murad Musayevin gedişindən sonra baş məşqçi postuna həmyerliniz Krunoslav Renduliçi gətirdi. Ölkəmizdəki hər iki oyununda qələbə qazanan Renduliç Azərbaycanda uğurlu ola biləcək?

– Renduliç ciddi və peşəkar məşqçidir. O, karyerası ərzində Xorvatiyada, həmçinin Bosniya və Herseqovinada yaxşı nəticələrə imza atıb. Əminəm ki, “Sabah”a da kömək edə biləcək. Ona uğurlar arzulayıram.

– İllərdir fəaliyyətini dayandıran “Bakı” klubunun sələfi “Dinamo” cari mövsümdən II Liqada çıxış etməyə başlayıb…

– “Bakı” fəaliyyətini dayandıranda çox üzülmüşdüm. Klubun rəhbəri Hafiz Məmmədovun bu layihəyə nə qədər pul, zaman, enerji və sevgi həsr etdiyini görürdüm. Əfsuslar olsun ki, belə alındı və “Bakı” yoluna davam edə bilmədi. “Bakı”da çalışan hər bir kəs klub üçün yaşayırdı. “Bakı”nın Premyer Liqaya qayıdışını ürəkdən istəyirəm.

– Azərbaycanda məşqçi işləmək istərdiniz?

– Futbol həyatı elədir ki, nəyin necə olacağını öncədən təxmin edə bilməzsən. “Dinamo”da özümü çox xoşbəxt hiss edirəm. Sevdiyim işlə məşğulam. Qapıçı məşqçisi üzrə ən yüksək kateqoriyaya sahibəm. Böyük klubda koordinator vəzifəsini icra edirəm. Bununla belə, gələcəkdə bizi nələrin gözlədiyini təxmin edə bilmərik. Açığı, nəvaxtsa Azərbaycanda məşqçilik etməyi istərdim.

– Sonda ölkəmizdə başınıza gələn gülməli hadisələrdən birini danışa bilərsiniz?

– Bir dəfə mağazadan yumurta almaq istəyirdim. Ancaq satıcı rus dilini bilmirdi. Nə qədər izah etməyə çalışsam da, başa düşmədi. Məcbur qalıb toyuq səsi çıxarmağa və tullanmağa başladım (gülür).

FƏRİD

Shares: