“Bir ildir çağırılmadığım üçün öz içimdə milli komanda ilə vidalaşdım”.

Futbolinfo.az xəbər verir ki, bunu Azərbaycan millisinin sabiq futbolçusu Maksim Medvedev “metaratings.ru” saytına müsahibəsində deyib.

34 yaşlı müdafiəçi yığmaya azarkeş marağının az olmasını zəif nəticələrlə əlaqələndirib: “Dəstək azdır, çünki millinin nəticələri zəifdir. Yaxşı motivasiya lazımdır. Yeddi ildir məzuniyyətim olmayıb. Çünki məzuniyyət günlərini millinin düşərgəsində keçirmişəm. Hər yerdə vaxtında olmaq lazımdır. Onsuz da psixoloji cəhətdən çətin idi”.

Keçmiş kapitan Azərbaycan yığmasının Avropa çempionatına vəsiqə qazanan Gürcüstan və Ukraynanın uğurunu təkrarlaya bilməməsini qeyri-sabitlikdə görür: “Sabitlik yoxdur, çünki Azərbaycanda son vaxtlar tez-tez məşqçi dəyişir. Hər kəs öz mentaliteti və fəlsəfəsi ilə gəlir. Məsələn, klublarda müdafiəçilərin bəziləri 4-lü, bəziləri 5-li oynayırlar. Komanda bir-birinə öyrəşməlidir. Ancaq müxtəlif sxemlərə görə bu çətindir. Məşqçilərin tez-tez dəyişməsi səbəbindən komanda öz oyun sistemini tapa bilmirdi. Həmçinin gənclərdən ibarət komandaları da gücləndirmək lazımdır”.

O, Avropa çempionatında komanda sayının 24-ə yüksəldilməsini zəif millilər üçün şans hesab edir: “Bu dəyişikliklər ona görə idi ki, nisbətən aşağı səviyyədə olan komandaların vəsiqə qazanmaq şansı olsun. Bu, müsbət tendensiyadır”.

Medvedev 2009-2022-ci illərdə Azərbaycan millisinin heyətində 81 oyun keçirib, 4 qol vurub.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp