“Zirə”nin müdafiəçisi Fuad Bayramovun futbolinfo.az saytına müsahibəsi

– “Qəbələ” üzərində böyükhesablı qələbə barədə düşüncələrin nədir?

– Oyuna ilk dəqiqələrdən yaxşı başladıq. Əlimizdə düşən fürsətləri qola çevirə bildik. Amma rəqib də meydanın hər qarışı uğrunda mübarizə aparırdı. Düşünürəm ki, komandamız üçün çox vacib 3 xal idi.

– Son oyunlarda inamlı təsir bağışlayırsız və ardıcıl qələbələr gəlir…

– Çempionatın sonlarına yaxınlaşırıq. Hədəfimizə çatmaq üçün hər oyunda daha da məsuliyyətli və diqqətli olmalıyıq. Məcburuq ki, matçlarda meydanı 3 xalla tərk edək. Şükür olsun ki, son turlarda buna nail ola bilirik. Uğurlu seriyamızı davam etdirmək niyyətindəyik. Mövsümün sonunda istəyimizə çatmaq istəyiriksə, bu vacibdir. Əlimizdən gələni etməyə çalışacağıq.

– Ardıcıl iki oyunda “Qəbələ”ni məğlub etdiniz. Bunlardan biri kubok matçına aiddir. Bu qalibiyyətlər kubokun cavab oyunu üçün sizdə psixoloji üstünlük yaradacaq?

– Düzdür, onları məğlub etmişik, amma cavab matçının asan keçəcəyini düşünmürəm. Bizi səfərdə ağır matç gözləyir. “Qəbələ” yaxşı futbol oynayır. Fikrimcə, bizim üçün də, onlar üçün də maraqlı qarşılaşma olacaq.

– “Zirə”də ilk qolunu vurdun. Bu, sənin daha yaxşı çıxış etməyinə səbəb ola bilər?

– Əlbəttə, mənim üçün sevindirici haldır. İndi qarşıdakı oyunları düşünürəm. Qol və ya qollar vurub komandama xallar qazandırmaq istəyirəm.

– Qarşıda “Sumqayıt”la səfər matçı var. Hansı ki, bu rəqib də avrokuboklar üçün mübarizə aparır…

– Çox çətin oyun olacaq. 3-4-cü yerlər uğrunda mübarizə apardığımız komandalardan biridir. Necə vacib matç olduğunun fərqindəyik. Üç xal qazanmağa çalışacağıq.

ABBAS

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp