“Turan Tovuz” klubunun ispaniyalı yarımmüdafiəçisi Alexandro Serranonun futbolinfo.az saytına müsahibəsi
– Misli Premyer Liqasının 29-cu turunda evdə “Sabah” üzərində qələbə qazandınız. Bunu nəyin hesabına bacardınız?
– Biz hər oyuna 3 xal üçün çıxırıq. Çempionatın səviyyəsi elədir ki, əksər komandalar bərabər gücdədirlər. Buna görə də hər görüşdə qələbə qazanmaq olar. Yaxşı oynadıq və bunun hesabına qalib gəldik. Nəzərə alaq ki, qarşılaşma Tovuzda, doğma azarkeşlərimizin önündə keçirilirdi. Bu da bizim şansımızı artırırdı.
– Bu qələbədən sonra turnir cədvəlində 6-cı pilləyə yüksəldiniz. “Turan Tovuz”un avrokuboklara vəsiqə qazanmaq şansı nə qədərdir?
– Mövsümün bitməsinə 7 tur qalıb və bu oyunların hər biri bizim üçün final kimi keçəcək. Konfrans Liqasına vəsiqə qazanmaq şansımız realdır. Çünki buna nail olmaq üçün mövsümü 3-cü və ya 4-cü pillədə bitirmək tələb olunur. Oyundan-oyuna turnir cədvəlindəki vəziyyətimizə baxacağıq. Əgər mövsümün bitməsinə 2-3 tur qalmış avrokuboka vəsiqə qazanmaq şansımız yaransa, bundan istifadə etməyə çalışacağıq.
– “Turan Tovuz” 30-cu tur çərçivəsində şənbə günü “Qəbələ”nin qonağı olacaq və siz bu oyunda iştirak etməyəcəksiniz. Komandanızdan hansı nəticəni gözləyirsiniz?
– Bəli, son oyunda mövsüm ərzində 4-cü sarı vərəqəni aldığım üçün cəzalı duruma düşdüm və bu səbəbdən Qəbələdə meydana çıxa bilməyəcəyəm. Ümid edirəm ki, komandamız görüşə özünəəmin və qələbəyə köklənmiş halda çıxacaq. Avrokuboklara vəsiqə qazanmaq istəyiriksə, bu oyunda mütləq qalib gəlməliyik.
– Cari mövsümdə öz performansınız haqda hansı fikirdəsiniz?
– Şadam ki, mövsümboyu davamlı şəkildə oynadım. Bəzi oyunları çox yaxşı keçirdiyim halda, bəzilərində pis təsir bağışlamadım. Bu, normal haldır. Çünki sezon ərzində bütün matçları eyni səviyyədə keçirmək mümkün deyil. Həmişə növbəti mövsümdə daha yaxşı oynayacağıma ümid edirəm.
– Qeyd etdiyiniz kimi, mövsüm ərzində davamlı oynayan futbolçulardan birisiniz və bu, baş məşqçinin sizə olan etimadının göstəricisidir. Ayxan Abbasov haqda nə deyə bilərsiniz? Onunla işləmək sizin üçün rahatdır?
– İlk gündən məşqçi mənə güvən verdi. Hər dəfə mənə inandığını, etibar etdiyini göstərir. Buna görə ona təşəkkür edirəm. Məşqçinin etimadını qazanan futbolçu həmişə daha inamla oynayır. Onunla bir komandada olmaq, bir yerdə işləmək çox yaxşıdır. Ayxan Abbasov yaxşı məşqçi olmaqdan əlavə möhtəşəm insandır.
– Tovuzda yerli azarkeşlərin önündə oynamaq necə hissdir?
– Onlar inanılmazdırlar. Bizim bütün matçlarımızda komandaya sonadək dəstək olurlar. Gördüklərimə əsasən deyə bilərəm ki, tovuzlu azarkeşlər ölkənin ən yaxşı azarkeşləridir. Qazandığımız qələbələrdə onların böyük payı var.
– Azərbaycan Premyer Liqasının səviyyəsi sizi qane edir?
– Bəli, qane edir. Çempionatın səviyyəsi yaxşıdır. Futbol elə inkişaf edib ki, artıq bütün ölkələrin əsas liqaları normal səviyyədədir. Azərbaycan Premyer Liqası da yaxşı çempionatdır. Liqanın özəlliyi odur ki, burada komandaların səviyyəsi bir-birinə yaxındır.
– Azərbaycan çempionatında çıxış edən digər ispan futbolçularla əlaqəniz var?
– “Sabah”da oynayan həmyerlilərim – Con İrasabal və Kristian Sebalyosla tez-tez danışırıq. “Qəbələ”nin qapıçısı Kristof Atanqana ilə də münasibətim var. Bir də “Qarabağ”ın sabiq futbolçusu Qaspar Panadero ilə əlaqəmiz var idi, amma o, artıq Azərbaycanı tərk edib.
ABBAS