Futzal üzrə Azərbaycan millisinin baş məşqçisi Vitali Borisov Bakıda təşkil olunan təlim-məşq toplanışı barədə danışıb.
Futbolinfo.az xəbər verir ki, o, komandanın fiziki hazırlığından razı olmadığını dilə gətirib:
“Hazırlığa cəlb etdiyimiz oyunçuların hər biri fərqli klublarda məşq edirlər. Fiziki hazırlıqları bir o qədər yaxşı deyil. Əvvəllər toplanışa dəvət etdiyimiz futzalçıların əksəriyyəti “Araz-Naxçıvan”da çıxış etdikləri üçün məşqləri bir-birinə uyğun gəlirdi. Lakin indi 4 fərqli klubda top qovan oyunçular bir araya toplaşıblar. Əksəriyyəti də gənclərdir”.
Borisov heyətlə bağlı yekun qərarın bu gün veriləcəyini bildirib: “Hazırlığa 17 futzalçı cəlb olunub. Onlardan 3-ü Gürcüstan millisi ilə yoldaşlıq oyunları üçün Tiflisə aparılmayacaq. Hazırda komandanda əhval-ruhiyyə yüksək səviyyədədir”.
Azərbaycan millisi aprelin 14-də və 16-da Tiflisdə Gürcüstan yığması ilə iki yoldaşlıq görüşü keçirəcək.