“Sabah”ın yarımmüdafiəçisi Kristian da Silva ölkəsi Braziliya mətbuatına açıqlamasında komandasının cari mövsümdəki çıxışını dəyərləndirib.

Futbolinfo.az xəbər verir ki, 34 yaşlı orta sahə oyunçusu Premyer Liqada 5-ci pillədə yer almalarına baxmayaraq, mövsümü mükafatçılar sırasında bitirməyi hədəflədiklərini bildirib.

Da Silva yenidən Konfrans Liqasında yer almağın önəmindən bəhs edib: “Azərbaycan çempionatında avrokuboklar üçün üç yer var – çempion Çempionlar Liqasında, ikinci və üçüncü yerin sahibləri isə Konfrans Liqasında mübarizə aparır. Ötən mövsüm təsnifat mərhələsində iştirak hüququ qazanmışdıq. Təəssüf ki, qrupa qədər irəliləyə bilmədik. İndi yenidən Konfrans Liqasına vəsiqə qazanmağı hədəfləyirik. Bu, komandamız üçün çox vacibdir”.

Legioner futbolçu mövsümün sonu olduğundan, maksimum xal toplamağa çalışacaqlarını söyləyib: “Artıq mövsümün son mərhələsindəyik. Hər oyun həlledicidir və səhv edə bilmərik. Güclü, təcrübəli komandamız var. Ona görə də hər matça final kimi baxıb, ən çox xal toplamağa çalışmalıyıq. Bilirik ki, asan olmayacaq, yüksək səviyyəli rəqiblərimiz var. Ancaq biz də avrokuboka iddia edirik”.

Qeyd edək ki, hazırda aktivində 40 xal olan “Sabah” 3-cü sıradakı “Sumqayıt”dan 4 xal geri qalır.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp