“Beşiktaş”ın prezidenti Hasan Arat yeni baş məşqçi axtarışlarını davam etdirdiklərini açıqlayıb.
Futbolinfo.az xəbər verir ki, Türkiyə klubunun rəhbəri əsas namizədlərdən biri hesab edilən Sərgən Yalçınla danışıq aparılmayacağını etiraf edib.
O, yeni çalışdırıcının əcnəbi olmaq ehtimalını da istisna etməyib: “Sərgən Yalçın hazırda “Antalyaspor”un baş məşqçisi olduğu üçün onunla görüşümüz olmayıb. İndiki məqamda danışıq aparmağımız da etik olmaz. Yerli və əcnəbi alternativlərimiz var. Kövrək dönəmdəyik, seçim zamanı həssas davranacağıq. Yeni çalışdırıcımız yerli də ola bilər, əcnəbi də. Bu baxımdan şanslar yarı-yarıyadır. Türkiyə Kubokunu qazandığımız zaman böyük ölçüdə dəqiqləşəcək”.
Türkiyə mətbuatı “Beşiktaş”ın yeni baş məşqçisi olmağa əsas namizədlərdən biri kimi “Qarabağ”ın çalışdırıcısı Qurban Qurbanovu göstərir. Həmyerlimizin əsas rəqibi isə Sərgən Yalçın hesab olunur.
Qeyd edək ki, “Beşiktaş” bir neçə gün əvvəl baş məşqçisi Fernando Santosu istefaya göndərib.