Qadın və kişi voleybolçular arasında Azərbaycan çempionatlarında final və üçüncülük oyunlarının tarixləri bəlli olub. Yüksək Liqada bürünc mükafat uğrunda qarşılaşmalar aprelin 20-də, finallar isə 22-si və 23-də keçiriləcək.
Aprelin 20-də Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində ilk olaraq kişi voleybolçular üçüncülük uğrunda meydana çıxacaqlar. Saat 15:00-da start götürəcək matçda MOİK və “Neftçi” üz-üzə gələcək.
Daha sonra qadın voleybolçular üçüncü yerin sahibini müəyyənləşdirəcəklər. Saat 18:00-da “Gəncə” və “Murov Az Terminal” komandaları münasibətləri aydınlaşdıracaqlar.
Aprelin 22-də Bakı İdman Sarayında final matçına start veriləcək. Həmin gün kişi voleybolçuların mübarizəsində çempion bəlli olacaq. Saat 16:00-da başlayacaq oyunda “Azərreyl” və “Murov Az Terminal” kollektivləri görüşəcəklər.
Aprelin 23-də, saat 16:00-da isə qadın voleybolçuların final matçı baş tutacaq. “Azərreyl” və “Abşeron” komandaları çempionu müəyyən edəcəklər.
Qeyd edək ki, final oyunundan dərhal sonra qaliblərin (qadınlar, kişilər) mükafatlandırma və çempionatın bağlanış mərasimi baş tutacaq.