Misli Premyer Liqasının 31-ci turunda da 2-3-cü yerlər uğrunda gərgin mübarizə davam etdi. “Neftçi” ilə qarşılaşan “Zirə” vacib qələbə qazanaraq, ikinci pillədəki mövqeyini qorudu. “Ağ-qaralar”ın xal itkisindən “Sumqayıt” lazımınca faydalandı. “Sabah” və “Səbail” də turu 3 xalla başa vurduqları halda, liderlə autsayderin duelində heç-heçə qeydə alındı.

“Sumqayıt”ın Tovuz s(z)əfəri

Əvvəlki 3 turda 7 xal qazanan “Turan Tovuz” avrokuboklar mübarizə qoşulmuşdu. Ayxan Abbasovun yetirmələri uğurlu çıxışını “Sumqayıt”la ev qarşılaşmasında da davam etdirmək niyyətində idi. İkinciliyə iddialı olan qonaqlara da qələbə hava-su kimi lazım idi. Növbəti turda “Qarabağ”la qarşılaşacaq “gənclik şəhəri” təmsilçisi həmin oyunda xal itirmək şansının yüksək olduğu üçün Tovuz səfərindən xalsız dönmək istəmirdi.

Bu komandaların ilk və üçüncü dövrədəki matçında qolsuz, ikinci dövrədəki oyununda 2:2 hesablı bərabərlik qeydə alınmışdı. Budəfəki görüş isə fərqli ssenaridə keçdi.

Oyuna “Turan Tovuz” yaxşı başladı. 3-cü dəqiqədə Luis Paçunun uzaq məsafədən qüvvətli zərbəsinin qarşısını “Sumqayıt”ın qolkiperi Mehdi Cənnətov kəsdi. Ev sahiblərinin braziliyalı hücumçusu 10-cu dəqiqədə yenidən diqqət mərkəzinə düşdü. Onun cərimə meydançası daxilində başla endirdiyi zərbədə dəqiqlik çatışmadı. Oyun “Turan Tovuz”un istədiyi məcrada getdiyi halda, “Sumqayıt” ilk hücumundaca hesabı açdı. Abu Dossonun sol cinahdan ötürməsinin qarşısını kəsmək istəyən ev sahiblərinin kapitanı Şəhriyar Əliyev tərs toxunuşla topu öz qapısından keçirdi.

“Turan Tovuz” bu qolun şokundan ayılmamış ikinci dəfə mərkəzə dəvət edildi. Rövlan Muradov cərimə meydançası daxilində topu qapıdan keçirə bilməsə də, hücumun davamında Abu Dossonun ötürməsini Erik Sorqa dəqiq tamamladı.

İlk hissənin sonrakı dəqiqələrində “Turan Tovuz”un hücumçusu Otto Con 2 epizodda diqqət mərkəzinə düşsə də, zərbələrində dəqiqlik çatışmadı. “Sumqayıt”in heyətində isə vurulan hər iki qolda yaxından iştirak edən Dosso xüsusi fəallıq göstərirdi. Fil Dişi Sahilindən olan futbolçu 35-ci dəqiqədə özü qol vurmağa yaxın olsa da, zərbəsi dirəyin azacıq yanından keçdi.

İkinci hissəyə Ayxan Abbasov 2 əvəzetmə ilə başladı. Faiq Hacıyevi İsmayıl Zülfüqarlı ilə əvəzləyən mütəxəssis Aleks Souzanın yerinə ötən tur “Qəbələ” ilə matçda “Turan Tovuz”un qələbə qolunun müəllifi olan Belajdi Pusini meydana buraxdı. Meydan sahibləri ikinci hissəyə qolla başladılar. Baş hakim Əliyar Ağayev cərimə meydançası daxilində Alexandro Serranoya qarşı kobud oynanıldığını əsas gətirərək, “Sumqayıt”ın qapısına penalti təyin etdi. Topa yaxınlaşan Otto Con fürsətdən lazımınca faydalanaraq, hesab arasındakı fərqi azaltdı.

Bu qoldan ruhlanan “Turan Tovuz” hesabı bərabərləşdirmək üçün irəli atıldı. Ardıcıl hücumlar zamanı əvvəlcə Ayxan Quseynov, ardınca isə 2 dəfə Otto Con qola yaxın olsa da, hər üç epizodda Mehdi Cənnətov səhvsiz oynadı. Xüsusilə Conla təkbətək epizodlarda komandasını qoldan xilas etməsi Cənnətovu oyunun qəhrəmanlarından biri etdi.

“Turan Tovuz” axtardığı bərabərlik qolunu heç cür tapa bilmədi. Əvəzində “Sumqayıt” son dəqiqələrdə rəqibi iki dəfə cəzalandırdı. Əvvəlcə əks-hücum zamanı Sorqanın ötürməsindən sonra Səbuhi Abdullazadə cərimə meydançası həndəvərindən əla zərbə ilə yaxın “doqquzluğu” dəqiq nişan aldı. Ardınca isə Aydın Bayramov qonaqların ekvadorlu yarımmüdafiəçisi Cordan Rezabalanın sol ayağı ilə vurduğu zərbə qarşısında aciz qaldı. Beləliklə, hakimin final fiti “Sumqayıt”ın böyükhesablı qələbəsini rəsmiləşdirdi.

Hərəyə 2 qol və 1 xal

Lider “Qarabağ”la autsayder “Qəbələ”nin dueli də bolqollu alındı. Çempionluğu vaxtından əvvəl təmin etmiş Ağdam klubu üçün bu görüş formal xarakter daşıdığı halda, Premyer Liqada qalmaq mübarizəsi aparan “qırmızı-qaralar” üçün matçın əhəmiyyəti böyük idi.

9-cu dəqiqədə qonaqların futbolçusu Əyyub Allaş topu qapıdan keçirsə də, haqlı olaraq həmin epizodda ofsayd qeydə alındı. Buna baxmayaraq, 19-cu dəqiqədə “Qəbələ” istəyinə çatdı. Bilel Auaşeriya topu bir qədər daşıdıqdan sonra onu Allaşa ötürdü. Allaş isə əla ötürmə ilə topu daha əlverişli mövqeyə açılan Auaşeriyaya qaytardı. Bilel isə özü başladığı hücumu qarşısıalınmaz zərbə ilə tamamladı. İlk hissənin sonrakı dəqiqələrində “Qarabağ”ın cəhdlərinə baxmayaraq, hesab dəyişmədi.

İkinci hissədə təzyiqi artıran meydan sahibləri 66-cı dəqiqədə istəklərinə çatdılar. Abbas Hüseynovun ötürməsindən sonra Leandro Andrade onu cərimə meydançası daxilinə göndərdi. Murad Musayev ötürmənin qarşısını kəsmək istəsə də, onun saxladığı topu 1 dəqiqə öncə meydana daxil olmuş Yassin Benzia qapıdan keçirdi.

Az sonra “Qarabağ”ın heyətində sonradan oyuna qoşulan daha bir futbolçu adını tabloya yazdırdı. Abdullah Zubir cərimə meydançasına daxil olandan sonra topu dəqiq zərbə ilə uzaq küncə göndərdi. Üçüncü qol şanslarını qaçıran “Qarabağ” 84-cü dəqiqədə qapısında top gördü. Elə həmin dəqiqədə “Qəbələ”nin baş məşqçisi Kaxaber Sxadadzenin meydana buraxdığı Yaovi Akakpo topu boş qapıdan keçirməkdə çətinlik çəkmədi.

Son dəqiqələrdə “Qəbələ” qələbə qolunu da vura bilərdi. Ürfan Abbasov əla hərəkətlərlə rəqib müdafiəçi Abbas Hüseynovu iki dəfə aldadandan sonra topu qapıya vursa da, zərbəsini “Qarabağ”ın qolkiperi Luka Quqeşaşvili dəf etdi. Nəticədə 4 qolun vurulduğu oyunda tərəflər hərəyə 1 xal qazandılar.

“Neftçi”yə 10 nəfərlə qalib gələn və mövqeyini qoruyan “Zirə”

Mərkəzi qarşılaşma “Zirə” və “Neftçi” arasında keçirildi. Turun əvvəlki 2 görüşü kimi, bu oyun da maraqlı və gərgin keçdi. Qarşılıqla hücumlarla əlamətdar olan ilk dəqiqələrdə gah “Zirə”, gah da “Neftçi” qol vurmaq şansı qazansa da, ələ düşən imkanları qaçırırdılar. Oyunda hesab 19-cu dəqiqədə açıldı. Əllə oyuna görə “Zirə”nin qapısına təyin olunan penaltini Emin Mahmudov dəqiq zərbə ilə qola çevirdi.

“Zirə” fasiləyə qədər tarazlığı bərpa etməyi bacardı. Qismət Alıyevin sağ cinahdan hava ötürməsini Rəhim Sadıxov başla qapıdan keçirdi. Ev sahibləri fasiləyədək hesabda önə keçməyə də yaxın oldular. Ancaq Qismət Alıyev əlverişli mövqedən topu qapıya göndərə bilmədi.

İkinci hissə daha dramatik keçdi. 67-ci dəqiqədə “Zirə” meydanda azlıqda qaldı. Ceyhun Nuriyev ikinci sarı vərəqəni alaraq meydandan uzaqlaşdırıldı. Bundan 3 dəqiqə sonra meydan sahiblərinin baş məşqçisi Rəşad Sadıqov eyni anda 4 dəyişikliyə əl atdı. O, Rəhim Sadıxov, İsmayıl İbrahimli, Rafael Utziq və Salifu Sumanı oyundan çıxararaq, əvəzində Rüstəm Əhmədzadə, Hacıağa Hacılı, Vladislav Kulaç və Eldar Quliyevi meydana buraxdı.

“Zirə” azlıqda qalmasına baxmayaraq, 10 nəfərlə əzmkar mübarizə göstərdi. Bunun məntiqi nəticəsi olaraq, “Neftçi” say üstünlüyündən istifadə edə bilmədi. Əvəzində 79-cu dəqiqədə “Zirə” hesabda önə keçdi. Kornerdən ötürmədən sonra Fuad Bayramov sol ayağı ilə topu tora qovuşdurdu. 5 dəqiqə sonra isə meydan sahibləri oyunda son nöqtəni qoydular. Qapıçı Tiaqo Silvanın başlatdığı hücumun davamında Eldar Quliyevin ötürməsindən sonra Vladislav Kulaçın zərbəsi zəif alınsa da, “Neftçi”nin gənc qolkiperi, son vaxtlar özünü yaxşı tərəfdən Rza Cəfərov həmin epizodda kobud səhvə yol verdi, nəticədə top qapıdan keçdi. Beləliklə, “Zirə” yarım saata yaxın müddətdə 10 nəfərlə oynamasına baxmayaraq, “Neftçi”ni məğlub yola saldı və ikinci pillədəki mövqeyini qorudu.

“Sabah”a ilk hissə bəs etdi

“Kəpəz”in qonağı olan “Sabah” çox keçmədi ki, hesabı açdı. 12-ci dəqiqədə Kristian da Silvanın uzun ötürməsindən sonra Kahim Parris rəqib qapıçı ilə üzbəüz qaldığı epizodda topu tora qovuşdurdu. Hesabda geri düşdükdən sonra “Kəpəz” özünə gəlməyə başlasa da, ardıcıl hücumlar məntiqi sonluğa çatmadı. Əvəzində fasilədəyək “Sabah” hesab arasındakı fərqi artırdı. Parrisin ötürməsindən sonra İshak Belfodilin yaxın küncə zərbəsi dəqiq oldu.

İkinci hissəyə istəkli başlayan “Kəpəz” çox keçmədi ki, qollardan birinin əvəzini çıxdı. 61-ci dəqiqədə kornerdən ötürmədən sonra Olavale Onanuqanın başla qapıya göndərdiyi topa son olaraq Adama Niani toxundu və hesab arasındakı fərq azaldı. Sonrakı dəqiqələr də “Kəpəz”in üstünlüyü, hücumları şəraitində keçdi. Lakin Gəncə klubu ona lazım olan bərabərlik qolunu heç cür vura bilmədi və “Sabah” bu görüşdən vacib 3 xalla ayrıldı.

“Araz-Naxçıvan” özünə gələ bilmir

Tura “Araz-Naxçıvan” – “Səbail” matçı ilə yekun vuruldu. Son vaxtlar uğursuz nəticələrlə yadda qalan, Elmar Baxşıyevin baş məşqçi postuna keçidindən sonra ilk oyunda “Neftçi”yə uduzan (0:3) Naxçıvan təmsilçisi bu görüşdən də məğlub ayrıldı. 32-ci dəqiqədə qonaqlar penalti vurmaq hüququ qazandılar. “Araz-Naxçıvan”ın futbolçusu Mohammed Kadirinin rəqib oyunçu Pedro Nunoya qarşı kobud oyununu referi 11 metrlik cərimə zərbəsi olaraq dəyərləndirdi və topa yaxınlaşan “Səbail”in bombardiri Aleksandr Ramalinqom fürsəti boşa vermədi. Bu, forvardın Misli Premyer Liqasının cari mövsümündə 13-cü qolu oldu.

75-ci dəqiqədə “Səbail” oyunda yekun hesabı müəyyənləşdirən qolu vurdu. Nunonun cərimə zərbəsindən hava ötürməsini Yusif Nəbiyev dəqiq baş zərbəsi ilə tamamladı. Bu qələbə sayəsində “dənizçilər” avrokubok mübarizəsini davam etdirdiklərini göstərmiş oldular. Oyun “Səbail”in kapitanı Ağabala Ramazanovun ağır zədədən qayıdışı, 5 aylıq fasilədən sonra yaşıl meydanlara dönüşü ilə də əlamətdar oldu. Baş məşqçi Şahin Diniyev onu son dəqiqədə meydana buraxdı.

CAVAD

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp