“Zirə”nin yarımmüdafiəçisi Ceyhun Nuriyevin futbolinfo.az saytına müsahibəsi
– “Qəbələ”yə qalib gələrək Azərbaycan Kubokunun finalına çıxdınız. Ötən gün keçirilən cavab oyunu ilə bağlı fikirləriniz necədir?
– İlk dəqiqələrdən göstərdiyimiz təzyiqdən görsənirdi ki, matça hesabı qoruyub saxlamaq üçün yox, qələbə üçün çıxmışıq. İnamlı və layiqli qələbə qazandıq.
– “Zirə” Azərbaycan çempionatında 2-ci yerdədir, üstəlik, kubokun finalında oynayacaq. Səncə, mövsümün sonuna kimi həm mövqeyinizi qoruya, həm də kuboku qazana biləcəksiz?
– Hədəfimiz bu yöndədir. Çempionatda vəziyyət gərgindir. Olduğumuz yeri qoruyub saxlamağa çalışacağıq.
– Finalda “Qarabağ”ın rəqib olması sizi çox düşündürmür?
– Hazırda finalı fikirləşmirik. Qarşıda bizi finala bərabər 5 oyun gözləyir. Daha sonra “Qarabağ” haqda fikirləşəcəyik.
– Misli Premyer Liqasının son turunda “Neftçi”yə 3:1 hesabı ilə qalib gəldiniz. Həmin matçı sizin üçün həlledici saymaq olar?
– Ən vacib oyunlardan biri idi. Onları məğlub edib 2-ci pilləyə yüksəldik. Amma qazanılan hər xal qızıla bərabərdir.
– “Neftçi” ilə matçda aldığın qırmızı vərəqəni haqlı qərar sayırsan? Qarşıdakı “Araz-Naxçıvan”la oyunda meydanda olmayacağına görə üzülürsən?
– Təsadüfən də olsa, əlim rəqibə dəymişdi. Qaydalara görə sarı vərəqədir. “Araz-Naxçıvan”la oyunda komandama kömək edə bilməyəcəyimə görə üzülürəm.
– Bundan sonra çempionatın daha gərgin dövrü olacaq. Avrokuboklar uğrunda amansız mübarizə gedir. “Zirə”də psixoloji vəziyyət daha yaxşıdır, çünki komanda son oyunları olduqca uğurlu keçirib. Bu, sizin üçün üstünlük sayıla bilər?
– Komanda “qara zolaq”da olduğu müddətdə belə psixoloji cəhətdəm yaxşı idik. Hər zaman pozitivik və qələbəyə köklənirik. Son qələbələr bizə daha da özgüvən verir.
FƏRİD