Azərbaycan çempionatının əzəli rəqibləri “Qarabağ”la “Neftçi” sabah Premyer Liqanın 33-cü turu çərçivəsində yenidən üz-üzə gələcəklər.
Futbolinfo.az saytı xəbər verir ki, bu, bütün mövsümlərin iştirakçılarının ölkə çempionatları tarixində 95-ci dueli olacaq.
Hazırda üstünlük Ağdam təmsilçisinə məxsusdur. Bu da komandanın son illər ölkə futboluna hegemonluğu sayəsində mümkün olub. “Qarabağ”ın 40 qələbəsinin fonunda “Neftçi” 23 dəfə rəqibini üstələyib. 31 matçda isə qalib müəyyənləşməyib. Top fərqində də “köhlən atlar” “ağ-qaralar”ı qabaqlayır – 124:84.
“Qarabağ” indiyə qədər 47 dəfə rəqibini qəbul edib. Bunun 22-də meydan sahibləri, 10-da qonaqlar seviniblərsə, 15 bərabərlik qeydə alınıb.
Digər maraqlı məqam “Neftçi”nin son 11 çempionat qarşılaşmasında rəqibini məğlub edə bilməməsidir. Bunun 10-da məğlubiyyətlə barışmalı olan bakılılar yalnız bir dəfə heç-heçə ilə kifayətlənməli olub. “Ağ-qaralar” sonuncu dəfə 2021-ci ilin mayında, yəni 3 il əvvəl əzəli rəqib üzərində qələbə üzü görüb. “Neftçi” sabahkı matçda həm bu, həm də son 4 qarşılaşmadakı məğlubiyyət tilsimini qırmağa çalışacaq.
Qeyd edək ki, “Azersun Arena”da keçiriləcək görüş saat 19:30-da başlayacaq.