Misli Premyer Liqasının XXXIV turu “Sumqayıt” və “Neftçi” üçün düşərli oldu. İkinci yer uğrunda gərgin mübarizənin getdiyi bir vaxtda “Zirə” ilə “Sabah”ın xal itkisi ilə üzləşməsi “kimyaçılar” və “ağ-qaralar”ın işinə yaradı. Bundan lazımınca faydalanan “Sumqayıt” ikinci pilləyə yüksəldi, “Neftçi” isə “Zirə” və “Sabah”ı turnir cədvəlində qabaqladı.
Əzəli rəqiblərin duelində Şinyaşiki şousu
Turun açılış matçında “Kəpəz”i qəbul edən “Neftçi”nin çətinliklə üzləşəcəyi ehtimal edilsə də, paytaxt klubu çox rahat qələbə qazandı. Əzəli rəqiblərin budəfəki duelində ilk təhlükəli hücumu “Neftçi” yaratdı. Bu komandalar arasındakı son oyunda het-trik etmiş Filip Ozobiçin 11-ci dəqiqədə cərimə meydançasının xətti üzərindən zərbəsini “Kəpəz”in qapıçısı Kamran İbrahimov dəf etdi. Gəncə klubunun cavab hücumu da özünü çox gözlətmədi. 19-cu dəqiqədə Camal Cəfərovun zərbəsi təhlükəli alınsa da, top qapının bir qədər yanından keçdi.
Oyunda ilk qol 36-cı dəqiqədə vuruldu və hesabı açan gəncəlilər oldular. Camal Cəfərovun sağ cinahdan cərimə meydançasına ötürməsini Latir Fal dəqiq zərbə ilə tamamladı. Ancaq “Kəpəz” hesabdakı üstünlüyünü qoruya bilməməyi bir yana, fasiləyə məğlub durumda yollandı. “Neftçi”nin hissənin sonunda artırdığı təzyiq qarşısında qonaqlar tab gətirə bilmədilər. Əvvəlcə 45 dəqiqənin tamamında Andre Şinyaşikinin cərimə meydançası daxilindən zərbəsindən sonra top “Kəpəz”in futbolçusuna dəyərək istiqamətini dəyişdi və qapıdan keçdi. Hissəyə əlavə olunmuş dəqiqələrdə isə Şinyaşikinin əla hava ötürməsini Brayan Moreno dəqiq baş zərbəsi ilə tamamladı və “Neftçi” ilk yarını hesabda öndə bitirməyi bacardı.
Fasiləyə psixoloji cəhətdən də üstün yollanan “Neftçi” ikinci hissəyə qolla başladı. 47-ci dəqiqədə Azər Salahlının sol cinahdan hava ötürməsini oyunu yüksək səviyyədə keçirən Şinyaşiki dəqiq baş zərbəsi ilə qola çevirdi. Ardıcıl qollardan sonra ruhdan düşən “Kəpəz” sonrakı dəqiqələrdə heç cür özünə gələ bilmədi. Əvəzində meydan sahibləri hücumlara ara vermir, növbəti qolları axtarırdılar. Ardıcıl bir neçə epizodda komandasını qoldan xilas edən “Kəpəz”in qapıçısı Kamran İbrahimov 76-cı dəqiqədə Şinyaşikinin qarşısında yenə aciz qaldı. Bundan az öncə isə qonaqlar meydanda azlıqda qaldılar. Kilan Lebona qarşı ciddi qayda pozuntusuna yol verən Şakir Seyidov hakim tərəfindən qırmızı vərəqə ilə cəzalandılırdı. Cəmi 1 dəqiqə sonra isə Şinyaşiki yenidən səhnəyə çıxdı və bu dəfə Ervin Koffinin hava ötürməsini dəqiq baş zərbəsi ilə tamamlayaraq, hetr-trikini rəsmiləşdirdi.
Bu da oyunda vurulan son qol olmadı. 70-ci dəqiqədə meydana daxil olan Ağadadaş Salyanskiy 16 dəqiqə sonra Filip Ozobiçin ötürdüyü topu qapıdan keçirərək matçda son nöqtəni qoydu – 5:1. Qarşılaşmanın qəhrəmanı isə heç şübhəsiz ki, Andre Şinyaşiki oldu. Braziliyalı hücumçu oyunu 3 qol, 1 assist ilə tamamladı.
Qeyd edək ki, bu komandaların ilk dövrədəki duelində “Kəpəz” 1:0 hesablı qələbə qazanmış, ikinci dövrədəki matç “Neftçi”nin 2:0 hesablı qalibiyyəti ilə nəticələnmiş, üçüncü dövrədəki görüşdə isə 3:3 hesablı heç-heçə qeydə alınmışdı.
“Turan Tovuz” uğursuz seriyaya son qoydu
Əvvəlki 3 turda məğlubiyyətlə üzləşən “Turan Tovuz” uğursuz seriyaya “Araz-Naxçıvan”la səfər oyununda son qoydu. Matçda ilk qol vəziyyətini ev sahibləri yaratdılar. 6-cı dəqiqədə Vadim Abdullayevin uzaq məsafədən zərbəsi qapı dirəyinə tuş gəldi. Qonaqların cavab hücumunda isə Aleks Souza əlinə düşən fürsəti dəyərləndirməyi bacarmadı. Tərəflərin cəhdlərinə baxmayaraq, fasiləyədək qol səsi çıxmadı.
İkinci hissənin ilk dəqiqəsindəcə “Araz-Naxçıvan” hesabı açmağa yaxın oldu. Di gəl ki, İsmail Azzaui yaxın məsafədən “Turan Tovuz”un qapıçısı Aydın Bayramovu məyus edə bilmədi. 60-cı dəqiqədə Bayramov yenidən komandasını qoldan xilas etdi. O, ev sahiblərinin yerinə yetirdikləri kornerdən sonra Mohammed Kadirinin başla zərbəsinin qarşısını aldı. “Turan Tovuz”un cavab həmləsi isə qolla nəticələndi. Cəmi 1 dəqiqə öncə meydana çıxan Ayxan Quseynovun kornerdən ötürməsindən sonra Alexandro Serrano önünə düşən topu yaxın məsafədən tora qovuşdurdu.
Matçın sonunda “Araz-Naxçıvan”ın futbolçusu Ramin Nəsirlinin zərbəyəbənzər ötürməsi təhlükəli alınsa da, Bayramov inamlı oynayaraq, bu dəfə də qola imkan vermədi. Nəticədə “Turan Tovuz” vacib qələbə qazanaraq, 3 oyunluq uğursuz seriyaya son qoydu.
“Zirə”ni çətinə salacaq xal itkisi
“Zirə” ilə görüş vaxtından əvvəl çempionluğu təmin etmiş “Qarabağ” üçün formal xarakter daşıdığı halda, “qartallar”a bu oyunda qələbə hava-su kimi lazım idi. İkinci yer və avrokuboklara vəsiqə iddiasını davam etdirən Rəşad Sadıqovun komandası ilk dəqiqələrdə rəqibə öz oyununu göstərmək imkanı vermirdi. Ancaq dəqiqələr keçdikcə “Qarabağ” təzyiqi artırırdı. 34-cü dəqiqədə qonaqlar penalti vurmaq hüququ qazandılar. Qismət Alıyevin cərimə meydançası daxilində Hamidu Keyta ilə mübarizəsindən sonra sabiq “Zirə”li yerdə qaldı. Matçın baş hakimi Əliyar Ağayevin fiti əvvəlcə sussa da, VAR-ın müdaxiləsindən sonra epizoda baxan FİFA referisi penalti nöqtəsini göstərdi. Topa yaxınlaşan Olavio Juninyo isə şansı qaçırmadı və Misli Premyer Liqasının cari mövsümündə vurduğu qolların sayını 18-ə çatdırdı. “Zirə”nin qapıçısı Anar Nəzirov həmin epizodda zərbənin istiqaməti düz müəyyənləşdirsə də, topu çıxara bilmədi.
İkinci hissədə “qartallar”ın baş məşqçisi Rəşad Sadıqov heyətdə dəyişikliklər etdi. Əvvəlcə İsmayıl İbrahimli və Ceyhun Nuriyevi meydana buraxan çalışdırıcı sonra Salifu Suma və Rəhim Sadıxova da şans verdi. Fəallıq göstərən Suma əsas vaxtın son dəqiqəsində hesabı bərabərləşdirməyə yaxın oldu. Ancaq onun cərimə meydançası kənarından sol ayağı ilə zərbəsini “Qarabağ”ın gənc qolkiperi Amin Ramazanov dəf etdi. Son saniyələrdə Rəhim Sadıxovun zərbəsinin qarşısını isə Bəhlul Mustafazadə kəsdi. Beləliklə, “Zirə” məğlubiyyətdən qaça bilmədi və vacib xal itkisi ilə üzləşdi.
“Sabah”ı dayandıran tapıldı
Son 4 oyunda qələbə qazanan “Sabah”ın Qəbələ səfərindən də 3 xalla qayıtmaq ehtimalı yüksək dəyərləndirilirdi. Ancaq ötən tur Kaxaber Sxadadzenin rəhbərliyi altında ilk qalibiyyətini əldə etmiş “Qəbələ” buna imkan vermədi. Çempionatda sonuncu pilləni tutacağı dəqiqləşən “qırmızı-qaralar” ardıcıl ikinci qələbəni “Sabah” üzərində qazandılar.
Paytaxt klubu matça daha fəal başlasa da, çox keçmədi ki, “Qəbələ” oyunu bərabərləşdirə bildi. Meydan sahiblərinin heyətində, xüsusən, sağ cinah müdafiəçisi Eşqin Əhmədov fəal idi. “Qəbələ” akademiyasının yetirməsi olan 18 yaşlı futbolçu hücuma tez-tez qoşulması və təhlükəli cinah ötürmələri ilə rəqibin müdafiə xəttini gərginlikdə saxlamağı bacarırdı.
“Qəbələ” 34-cü dəqiqədə hesabı açdı. Emil Səfərov və Eşqin Əhmədovun da iştirak etdiyi hücumun davamında Osama Xalaylanın ötürməsindən sonra Əyyub Allaş cərimə meydançası həndəvərindən əla zərbə ilə yaxın küncü dəqiq nişan aldı. Qoldan ruhlanan meydan sahibləri ilk hissənin sonunadək hesab arasındakı fərqi artırmağı da bacardılar. “Qəbələ”nin yerinə yetirdiyi kornerdən sonra “Sabah”ın qapıçısı Yusif İmanov topu yumruğu ilə uzaqlaşdırsa da, epizodun davamında Ahmed Ayzayanın ötürməsindən sonra Klesio Bauk uzaq məsafədən qapını dəqiq nişan aldı.
“Sabah” ikinci hissəyə əvəzetmə ilə başladı. Baş məşqçi Krunoslav Renduliç kapitan Ayaz Quliyevin əvəzinə Rauf Rüstəmlini meydana buraxdı. 61-ci dəqiqədə isə Namik Ələskərov və Davit Volkov da oyuna qoşuldu. Ancaq gürcüstanlı forvard meydana daxil olandan cəmi 4 dəqiqə sonra komandasını azlıqda qoydu. O, “Qəbələ”nin gənc müdafiəçisi İbrahim Ramazanovla top uğrunda mübarizədən sonra ona yaxınlaşaraq rəqibinə başla zərbə endirdi. Baş hakim Elçin Məsiyev isə haqlı olaraq bu epizodu qırmızı vərəqə olaraq dəyərləndirdi.
İki top geridə və meydanda azlıqda olan “Sabah” qalan dəqiqələrdə də heç nə edə bilmədi. Beləliklə, mövsümü sonuncusu “Qəbələ” ardıcıl 2-ci oyundan 3 xalla ayıldı. Kaxaber Sxadadze və komandası iş işdən keçəndən sonra oyandı.
Abasov – Diniyev 4:0
Tura Sumqayıtda yekun vuruldu. “Zirə” və “Sabah”ın xal itkisindən yararlanmaq istəyən “gənclik şəhəri” təmsilçisi “Səbail”lə oyuna qələbə üçün çıxmışdı. Samir Abasovun komandası qalib gələcəyi təqdirdə, ikinci pilləyə yüksələcəkdi.
Oyunda ilk təhlükəli hücumu qonaqlar təşkil etdilər. Pedro Nunonun uzaq məsafədən zərbəsinin qarşısını “Sumqayıt”ın qolkiperi Mehdi Cənnətov kəsdi. Yarım saatın tamamında da “Səbail” qola yaxın oldu. Ancaq Madi Quetanın fərqlənməsinə “Sumqayıt”ın futbolçusu Rövlan Muradov imkan vermədi.
Hissənin sonlarında isə meydan sahibləri təzyiqi artırdılar. “Sumqayıt” bunun bəhrəsini gördü. Cərimə meydançası daxilində Adil Nağıyev topa əllə toxunduğu üçün qonaqların qapısına penalti təyin edildi. Ağ nöqtəyə yaxınlaşan Kasimir Ninqa şansı qaçırmadı. Bu qoldan ruhlanan “kimyaçılar” fasiləyədək 2-ci qolu da vurdular. 45-ci dəqiqədə Rövlan Muradovun kornerdən ötürməsindən sonra Oktavio Mantekanın başla zərbəsini Səlahət Ağayev dəf etsə də, özünü yetirən Ninqa təkrar zərbə ilə dublunu rəsmiləşdirdi.
İkinci yarının əvvəlində məhz “Səbail”in heyətində Pedro Nunonun yerinə yetirdiyi cərimə zərbəsi təhlükəli alınsa da, Mehdi Cənnətov əla seyvlə komandasını qoldan xilas etdi. 72-ci dəqiqədə Suleyman Alluşun zərbəsindən sonra isə top qapının üstündən keçdi. “Sumqayıt”ın 3 dəqiqə sonrakı cavab hücumu daha təhlükəli alındı. Ancaq kornerdən ötürmədən sonra Elvin Bədəlovun zərbəsi dirəyə tuş gəldi.
“Səbail” son dəqiqələrdə təzyiqi artırsa da, gücü yalnız buraxılan qollardan birinin əvəzini çıxmağa çatdı. “Dənizçilər”in ən məhsuldar futbolçusu olan Aleksandr Ramalinqom rəqib müdafiəçi Elvin Bədəlovla mübarizədən qalib ayrıldıqdan sonra topu dəqiq zərbə ilə tora qovuşdurdu. Bununla da Ramalinqom Misli Premyer Liqasının cari mövsümündə vurduğu qolların sayını 15-ə çatdırdı. Lakin bu qol “Səbail” üçün təsəllidən başqa bir şey olmadı. İlk dövrədə “Səbail”i 4:1, ikinci və üçüncü dövrələrdə isə 1:0 hesabı ilə üstələyən “Sumqayıt” “dənizçilər”lə dördüncü dueldən də qalib ayrıldı.
CAVAD