“Turan Tovuz”un baş məşqçisi Ayxan Abbasovun futbolinfo.az saytına müsahibəsi

– “Turan Tovuz”un beynəlxalq əlaqələri gücləndirmək və təcrübə toplamaq yönündə Niderlanda təşkil edilən səfərində siz də yer aldınız. PSV və “Feyenoord” kimi klubların düşərgəsinə baş çəkdiniz. Səfərlə bağlı təəssüratlarınız necədir?

– Adını çəkdiyiniz klublarla yanaşı, “Utrext”də də olduq. Belə bir səfəri çoxdan planlaşdırırdıq. Başqa ölkələrə də öz təklifimizi irəli sürmüşdük, ancaq Niderlanddan müsbət cavab gəldi. Klub idarəetməsi, akademiya və əsas komanda ilə bağlı ümumi görüşlərimiz oldu. Böyük komandaların fəlsəfəsi, futbola baxışı və yanaşmasını, futbolçuların inkişaf etməsi və şəraitin maksimum yaxşılaşdırılması yollarını öyrənmək istəyirdik. Niderland klublarının əsas komandalarının məşqçiləri ilə görüşümüz oldu, fikir mübadiləsi apardıq, onlara hazırlıq planı haqda suallar verdik. Məncə, səfər yaxşı keçdi. Çalışacağıq ki, Niderlandda gördüklərimizi həm akademiyamız, həm də əsas komandamızda tətbiq edək. Bilirsiniz ki, Tovuzda yeni təlim-məşq bazası tikməyi çox istəyirik. Bu mənada, orada gördüklərimiz bizim üçün böyük təcrübə olacaq. Qeydə aldığımız məqamları gələcəkdə həyata keçirməyə çalışacağıq.

– Ardıcıl uğursuz nəticələrdən sonra Misli Premyer Liqasının XXXIV turunda “Araz-Naxçıvan”a qalib gələ (1:0) bildiniz…

– Ardıcıl məğlubiyyətlər bizə pis təsir etdi. Ən çox təsir edən o idi ki, çempionatın ən gərgin vaxtında xeyli itkimiz, zədəlilərimiz oldu. Finala bərabər oyunları tam heyətlə keçirsəydik, bəlkə də başqa nəticələr qeydə alınardı. Bu, bizim üçün sınaq oldu. Əsas məsələ belə oyunlardan sonra futbolçuların ruhdan düşməməsi idi. Mübarizəni sonadək aparmaq lazımdır. “Araz-Naxçıvan”la oyun gərgin keçdi. Amma futbolçularım yaxşı performans göstərərək qələbə qazandılar. Xallarımızın üstünə 3 xal gəldi, buna çox sevindik.

– Mövsümün son oyunlarında “Qarabağ” və “Kəpəz”lə üz-üzə gələcəksiniz. Bu görüşlərdən hansı nəticəni gözləyirsiniz?

– Çalışacağıq ki, bu oyunlarda da xal ehtiyatımızı artıraq. Futbolçulardan istədiyimiz odur ki, sona qədər mübarizə aparsınlar. Oyunumuzu daha da yaxşılaşdırmaq niyyətindəyik. Bizim üçün finala bərabər matçlarda komandanın üzərində təzyiq var idi. Futbolçuların o təzyiqdə necə qərar vermələri bizim üçün önəm daşıyırdı. Gördük ki, təzyiq altında istədiyimiz nəticəni əldə edə bilmədik. İndi daha rahatıq. “Araz-Naxçıvan”la matçda da bunun şahidi olduq. Çalışacağıq ki, cari mövsümü yaxşı notlarla bitirək.

– Cari mövsümü 6-cı pillədə bitirsəniz, ötənilki nəticəni təkrarlamış olacaqsınız. Sizcə, hazırkı mövqeyinizi son 2 turda da qoruya biləcəksiniz?

– Biz müqayisəni sırf turnir cədvəlindəki mövqeyimizə görə aparmırıq. Detallara varmaq istəyirik. Klub rəhbərliyi və məşqçilər olaraq bizi keçən illə müqayisədə bu mövsüm hansı fərqlərin olduğu düşündürür. Birinci, builki çempionat keçən sezondakından fərqləndi. Bu il klublar daha da güclənmişdilər. Düzdür, biz özümüz də güclənmişdik. Amma düzünə qalsa, keçən mövsüm bizim üçün daha çətin keçmişdi. Çünki ilk ilimiz idi, təcrübə toplayırdıq. Bu il komandanın artıq Premyer Liqa təcrübəsi var idi. Ancaq onu da vurğulamaq lazımdır ki, keçən sezon aşağı pillələrdə olan “Səbail” və “Sumqayıt” bu mövsüm yuxarı pillələr uğrunda mübarizə apardılar. “Qəbələ”nin sonuncu yeri tutması gözlənilməz oldu. Sırf öz çıxışımıza gəlincə, keçən mövsümü 39 xalla bitirmişdik. Bu sezon hələ bitməyib, artıq 45 xalımız var, yəni daha artıq xal toplamışıq. Bu, yaxşı haldır. Oyun baxımından da inkişaf var. Keçən il hücum etməkdə, qol vurmaqda çətinlik çəkirdik. Amma bu sezon bunu daha yaxşı bacardıq. Üzücü hal isə odur ki, cari mövsümdə çox qol buraxdıq, fərdi səhvlər çox oldu. Daha da güclü olmaq üçün bunu aradan qaldırmaq lazımdır. Növbəti mövsümdə bundan da yaxşı olmağa çalışacağıq.

– Yay transfer dövründə neçə oyunçu göndərib, neçə yeni oyunçu dəvət etməyi planlaşdırırsınız?

– Seleksiya işi hər il getməlidir. Keçən il heyətdə daha çox dəyişiklik etdik. Bu dəfə isə çox dəyişikik etmək istəmirik. Amma hər mövqeyə yeni futbolçular cəlb etməyə çalışacağıq. Yerli oyunçular da götürmək istəyirik. Nə dərəcədə alınacaq, alınmayacaq, bu, bizi düşündürür. Son oyunu keçirəndən sonra komandanı təhlil edəcəyik. Hansı futbolçu tələblərimizə nə qədər uyğundur, hansı futbolçu nə qədər istəkli çıxış etdi, hansılar gələcəkdə istədiyimizi daha yaxşı edə biləcəklər – bunları analiz edəcəyik. Gördük ki, bəzi oyunçularımız bu il performansını tam göstərə bilmədi, halbuki daha yaxşı oynaya bilərlər. Bu yöndə aramızda fikir mübadiləsi aparacağıq. Zatən, çempionat gedə-gedə seleksiya işimiz davam edirdi, bəzi futbolçuları izləyirdik. Keçən sezon gətirə bilmədiyimiz oyunçularla yenə danışıq aparırıq. Məsələn, Aleks Souzanı ötən yay transfer edə bilmədik, amma qışda gətirdik. Belə futbolçular yenə var, seleksiya işinə davam edəcəyik.

FƏRİD

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp