Azərbaycanın kişilərdən ibarət voleybol millisinin üzvü Andrey Vasilenko Qızıl Avropa Liqasında ilk turun oyunlarını dəyərləndirib.
Futbolinfo.az Voleybol Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, idmançı çətinlik çəkdikləri məqamları qabardıb.
“İlk turda məğlub olduq. Mövsümdən sonra oyunçularda yorğunluq var. Bu, əlbəttə ki, bəhanə deyil, amma çətinlik yaradan faktorlardandır. İlk iki qarşılaşma barədə onu deyə bilərəm ki, oynadıqca səhvlərimizi görür və onları aradan qaldırmağa çalışırıq. Setdən-setə oyunumuz inkişaf edir və sonluğu daha yaxşı gətiririk. Lakin qələbə üçün nəsə çatmır, bu isə bizdən asılıdır. Növbəti oyunlar daha çətin olacaq. Çünki heyətdə yeni voleybolçular var ki, Bakıda ilk dəfə oynadılar. Lakin artıq rəqiblər komandamızın oyununu təhlil edəcəklər. Bununla belə, oyun səviyyəmizi artırırıq və daha yaxşı oynayacağımıza inanıram. Bu iki görüş bizə uyğunlaşmaq üçün kömək oldu. Çünki iki ildir ki, bir yerdə oynamırdıq. Düşünürəm ki, son matçlarda daha yaxşı oynayıb yaxşı nəticə göstərə bilərik”, – deyə voleybolçu bildirib.
Qeyd edək ki, Azərbaycan millisi ilk iki görüşdə Rumıniya və Ukraynaya 0:3 hesabı ilə uduzub.