Beşinci problem: şablonlar
Digər bir texniki problem əksər süjetlərin şablonluğudur. Jurnalistikada belə bir qayda var ki, hər bir media strukturu öz auditoriyası ilə uyğunlaşdığı tonda və formada söhbət edir. İdman jurnalistikasına bunu tam aid etmək mümkündür.
İdman xəbərləri buraxılışının vaxt limiti süjetlərin məzmununu dar çərçivəyə salır. Materialların hamısı eyni quruluşda olur. Bunu həm məzmun, həm də ötürülmə üslubu baxımından söyləmək olar. Onu da əlavə etmək lazımdır ki, idman turnirlərinin çoxu təkrar olunan hadisələrdir. İşqılandırılan yarışlar bir neçə gün və ya həftə davam edir ki, onun da daxilində yaradıcılıq nöqteyi-nəzərindən yenilik tapmaq çətindir. Buna görə də hər bir süjet şablon xarakteri alır.
Yeknəsəqliyin qarşısını almaq üçün buraxılış daxilindəki süjetlərdə müxtəliflik tapmaq lazımdır. Bu mənada idman analitikliyi imdada çata bilər. Təhlil – şablon süjetlərdən fərqlənir və tamaşaçıda maraq yarada bilir. Müasir dünyada analitik verilişlər tədricən televiziyada daha çox yer almağa başlayıb.
Altıncı problem: əks əlaqənin olmaması
Yeni media ilə müqayisədə televiziya xəbər janrının çatışmazlıqlarından biri də auditoriya ilə əlaqənin olmamasıdır. Müasir publika reaksiya bildirmək, cavab vermək, fikir yürütməkdə maraqlıdır. İdman – idmançıların, məşqçilərin və azarkeşlərin emosiyası deməkdir. İdman xəbərləri buraxılışları məhz elə emosiyanın yoxluğundan əziyyət çəkir.
Yeni media isə belə bir imkanı verə bilir. Şərh, “layk”, “repost” formasında olan interaktivlik xəbər məhsuluna reaksiya baxımından normaya çevrilib. Bu həm də xəbəri yoldaşınla, tanışlarınla, həmfikirlərinlə paylaşmaq, öz fikrini bildirmək imkanıdır.
Müasir televiziyanın texniki imkanları cəld əks reaksiyaya şərait yaratmır. Bu, birtərəfli informasiya ötürməsidir. Qarşı reaksiya üçün hər zaman müxtəlif vasitələr olub – teleqram və məktublardan tutmuş, rəsmi saytlar və sosial şəbəkələrdə müraciətlərə qədər. Auditoriyanın böyük hissəsinin interaktivliyə marağı qaldığı müddətcə televiziya xəbərləri yeni mediaya məğlub olacaq.
İdman xəbərləri televiziyasının auditoriyası gündən-günə azalır, halbuki idman televiziyasında (böyük turnirlərin canlı yayımı) bu göstərici durmadan artır. Burada da yeni media auditoriyanın bir hissəsini ələ keçirməyə can atır. “Feysbuk, “X” və digər sosial şəbəkələr birbaşa yayım müqavilələri imzalamağa çalışır.
Sosial şəbəkələrin canlı idman yayımlarındakı auditoriyanın böyük hissəsini ələ keçirmək şansı böyükdür. Çünki yeni media kontentin müxətilif variantlarını təqdim edir: xəbərlər, şərhlə və şərhsiz canlı yayım, gecikmiş yayım, əlavə materiallar, fanat qruplarında ani müzakirələr və s. Müasir sivilizasiya tamaşaçı obrazlarının sivilizasiyasıdır: dünyada 1,1 milyard televizor, 4,4 milyard potensial televiziya tamaşaçısı var. Orta hesabla Yer kürəsinin hər bir sakini gün ərzində 3 saatını televizor qarşısında keçirir. Bu gün artıq tamaşaçı üçün məhsulu təkcə televizor gətirmir. Məhz buna görə də, telejurnalistika bu reallıqla barışmalı və zəmanəyə uyğunlaşmalıdır.
Auditoriyadan danışarkən, onun informasiyalı, bilikli və hazırlıqlı olmasını da unutmamalıyıq. İdman azarkeşi populyar növlərin qaydalarından, onların incəliklərindən xəbərdardır. Auditoriyanın bir hissəsi üçün təkcə nəticə yetərli deyil, onlar bütün detallar və xırtdalıqları bilmək istəyir. Bəzən auditoriya özünü, gün ərzində onlarla müxtəlif səpkili material hazırlayan xəbər redaktorundan daha bilikli hesab edir. Bu auditoriya, müasir dövrdə həmin redaktorları gözləmədən informasiyanı daha tez tapmağı üstün sayır.
Yeddinci problem: tamaşaçılarla rəqabət
İdman Kütləvi İnformasiya Vasitələri birinci olmaq uğrunda mübarizədə təkcə həmkarları ilə yarışmır. Tamaşaçının özü də artıq jurnalistin rəqibinə çevrilib. 1948-ci ildə London Olimpiadasında, böyük sənədli videomaterial hazırlamağı planlaşdıran Corc Artur Renk, videoçəkilişlər etmək üçün eksklüziv hüquqa 20 000 funt sterlinqə sahib çıxmışdı. Qalanları yalnız şəkil çəkmək hüququna malik idilər. İndi isə hər bir yarışda peşəkarların və tamaşaçıların əllərində minlərlə kameralar var. Bu prosesi saxlamaq mümkün olmayacaq. Tamaşaçıların çəkdikləri videomateriallar ildırım sürəti ilə yeni informasiya kanalları ilə ötürülür. Bu proses, xüsusilə də, sosial şəbəkələrdə daha çox hiss edilir.
2012-ci il London Olimpiadasından əvvəl “Tomson Röyter” informasiya agentliyinin rəhbərlərindən biri Devid Şlezinger hadisələri belə izah etmişdi: “Stadionlarda tamaşaçılar tərəfindən külli miqdarda foto və video materiallar çəkiləcək. Bir neçə andan sonra isə həmin materiallar İnternetdə sərbəst şəkildə yayılacaq. Çox güman ki, nəticələr, qaliblərin ilk foto və videoları geniş auditoriyaya KİV-in peşəkar işçiləri tərəfindən deyil, sosial şəbəkələrin adi istifadəçiləri tərəfindən ötürüləcək. Şəbəkə auditoriyası lazımi informasiyanı həşteq və açar sözlərlə axtarışa verib tapmaq imkanına malikdir. O zaman belə bir sual yaranır: informasiyanın əsas mənbəyi kimdir? Adi istifadəçilər, yoxsa idman KİV-i?”
(davamı olacaq)
İLQAR AĞAYEV
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.
Sahə: Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu