Keniyalı stayer Beatris Çebet ABŞ-nin Yucin şəhərində keçirilən “Brilyant Liqa” mərhələsində 10 000 metr məsafəyə qaçışda yeni dünya rekordu müəyyənləşdirib.

O, 10 000 metri 29 dəqiqədən tez qaçan birinci idmançı kimi tarixə düşüb. Onun nəticəsi 28:54.14-ə bərabərdir. ABŞ-da keçirilən turnirdə ikinci yeri məsafəni 29 dəqiqə 5 saniyəyə qət edən efiopiyalı Qudaf Tseqay, üçüncünü isə Keniyanın digər təmsilçisi Lilian Rengeruk (29:26.89) tutub.

Bundan əvvəlki dünya rekordu efiopiyalı Letesenbet Gideyə məxsus idi. 24 yaşlı Beatris Çebet 5000 metr məsafəyə qaçışda dünya çempionatının gümüş (2022) və bürünc (2023) mükafatçısıdır. 2023-cü ildə Oreqonda (ABŞ) “Brilyant Liqa”nın finalında o, 5000 metr məsafəyə qaçışda (14:05.92) üçüncü nəticə göstərmişdi.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp