“Kəpəz” klubunun müdafiəçisi Vurğun Hüseynovun futbolinfo.az saytına müsahibəsi

– Başa çatan mövsümü “Kəpəz” üçün necə dəyərləndirirsiniz?

– Son mövsümün “Kəpəz” üçün çox yaxşı keçdiyini düşünürəm. Çünki bu qədər çətinliyə rəğmən, heç kimin gözləmədiyi halda, liqada qalmağı təmin etdik. “Kəpəz” ən yaxşı yerlərə layiq komandadır.

– Karyeranızla bağlı yekun qərar verdiniz? Növbəti mövsümdə də oynayacaqsınız, yoxsa futbol həyatınızı bitirirsiniz?

– Şəxsi qərarım karyeramı bitirməkdir. Amma “Kəpəz”də təcrübəli futbolçu kimi qala da bilərəm. Bunu zaman göstərəcək. Bir neçə günə hər şey dəqiq bilinəcək.

– Deməli, hələ yekun qərarınızı verməmisiniz…

– Demək olar ki, son mövsümdə heç oynamadım. Komandanın içində oldum, kollektivin formalaşmağına kömək etdim. Yenə təcrübəli biri kimi komandanın içində ola bilərəm. Amma dəqiq deyil, yaxın vaxtda bilinəcək. Futbolçu karyeramı bitirməli olsam, hansısa komandada məşqçiliyə başlayacağam. Çünki məşqçilik kurslarına qatılmaq üçün hardasa işləməliyəm.

– “Kəpəz” rəhbərliyi və baş məşqçi Adil Şükürov karyeranızı davam etdirməyi istəyir? Onlarla bu barədə söhbətiniz olubmu?

– Bəli, hər biri istəyir ki, komandanın içində olum. Amma tam ətraflı danışmamışıq. Buna yaxın günlərdə aydınlıq gələcək.

– Sizcə, növbəti mövsümdə “Kəpəz” daha yuxarı yerlər üçün oynaya bilər? Yoxsa sponsor tapılmadıqca bu, çətin məsələdir?

– “Kəpəz”in yuxarı yerlər uğrunda oynaması üçün sponsor lazımdır. Sponsor tapılmasa, komanda yenə də liqada qalmaq üçün oynamalı olacaq. Nəticədə “Kəpəz”in işi başa çatan mövsümdəkindən ikiqat çətin olacaq.

– Başa çatan mövsümdə çempionatın səviyyəsi necə idi? Əksəriyyət çoxdandır belə rəqabətli çempionat keçmədiyini düşünür. Siz bu fikirlə razısınız?

– Çox rəqabətli çempionat keçdi. Həm avrokubok zonasında, həm də autsayderlər qrupunda maraqlı mübarizəyə şahidlik etdik. Düşünürəm ki, bu cür davam edəcəyi halda, çempionatın səviyyəsi pillə-pillə qalxacaq.

– Əksər futbolçuların “Kəpəz”lə müqaviləsi bitib. Onların çoxu ilə digər klublar maraqlanırlar. Heyətdən çox oyunçu getsə, “Kəpəz”in növbəti mövsümdə işi daha da çətin olmayacaq?

– Bir çox futbolçumuzu istəyirlər və müqavilələri də başa çatıb. Qalan da daha yaxşı şərtlər altında oynamaq istəyəcək. Sponsor olmasa, onları da heyətdə saxlamaq çox çətin olacaq. Nəticədə “Kəpəz”i daha çətin çempionat gözləyəcək. Kimin qalmağından asılı olmayaraq, inşallah, “Kəpəz” hər zaman Premyer Liqada çıxış edər.

FƏRİD

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp