Azərbaycan milli komandasının sabiq futbolçusu Rahid Əmirquliyevin futbolinfo.az saytına müsahibəsi

– Baş məşqçisi hələ də təyin olunmayan yığmamızdan Albaniya və Qazaxıstanla yoxlama oyunlarında hansı nəticəni gözləyirsiniz?

– Millinin hələ də baş məşqçisiz qalması yaxşı hal deyil. Komanda hazırda növbəti yoldaşlıq oyunlarına hazırlaşır. İndiyədək baş məşqçi təyin olunmalı idi. Təəssüflər olsun ki, belə olmadı. Arif Əsədov çoxdandır millidədir, bütün futbolçuları yaxşı tanıyır. Düşünürəm ki, qarşıdakı yoxlama matçlarında nəticələrimiz pis olmayacaq.

– Əcnəbi məşqçilərlə anlaşa bilməyən və vaxt itirən AFFA milli komandanı yerli mütəxəssisə həvalə edə bilər, yoxsa buna inanmırsınız?

– Mən bilmirəm, anlaşa bilmirlər, yoxsa istədikləri məşqçini tapa bilmirlər. Yığmanın yerli mütəxəssisə tapşırılacağına inanmıram. Həmişə millidə azərbaycanlı məşqçinin işləməsini istəmişəm. Ancaq düşünürəm ki, yığmanın yeni çalışdırıcısı da xarici olacaq.

– Premyer Liqanın başa çatan mövsümündə hansı komanda sizi müsbət mənada daha çox təəccübləndirdi?

– Bilinirdi ki, “Qarabağ” böyük ehtimalla yenə çempion olacaq. Elə də oldu. Mövsümün ilk yarısında “Səbail” çox yaxşı çıxış edirdi, ikinci yarıda isə nəsə alınmadı. Məni ən çox “Sumqayıt” təəccübləndirdi. Çempionatın əvvəlində heç kim gözləmirdi ki, “Sumqayıt” mövsümün sonunda avrokuboka vəsiqə qazanacaq. Ancaq bunu bacardılar, özü də bəxtəbəxt yox, yaxşı oyunla vəsiqə əldə etdilər.

– Avrokuboklarda çıxış edəcək komandalarımızdan hansı nəticələri gözləyirsiniz?

– İstəyirik ki, bütün klublarımız avrokuboklarda yaxşı nəticə göstərsinlər, mərhələ adlasınlar, qrupa düşsünlər. Hamısına uğurlar arzulayıram. Ancaq çox çətin olacaq. Fikrimcə, yenə də bizi “Qarabağ” sevindirəcək. İnşallah, bütün klublarımız qrupa düşərlər.

– “Qəbələ”nin Premyer Liqanı tərk etməsi haqda nə deyə bilərsiniz? Sizcə, onlar da “Şamaxı” kimi 1 mövsümdən sonra yüksək dəstəyə qayıda biləcəklər?

– “Qəbələ”nin I Liqaya düşməsini istəməzdim. O cür infrastruktura malik klub Premyer Liqada qalsa, yaxşı olardı. “Qəbələ” Azərbaycan futboluna çox oyunçu bəxş edib. İnanıram ki, 1 ildən sonra Premyer Liqaya qayıdacaqlar.

FƏRİD

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp