“Şamaxı”nın yeni mövsüm üçün planları dəqiqləşir. I Liqada çempionluğu təmin edən futbolçuları bir-birinin ardınca yola salan bölgə klubu tezliklə yeni transferlərini də açıqlayacaq.
Futbolinfo.az xəbər verir ki, vidalaşdıqları oyunçuların Premyer Liqa üçün yararsız olduğunu düşünən klub rəhbərliyi, heyətə legionerlər də qatacaq. Şamaxılılar yerli gənclərə üstünlük vermək strategiyasının aşağı dəstəyə düşməklə nəticələndiyini unutmayıb və yenə eyni aqibəti yaşamaq istəmir.
Klubun qərarında məşqçi seçimi də rol oynayıb. İstefaya göndərilən Ramiz Məmmədovu əvəz etmək üçün danışıq aparılan bütün mütəxəssislər əcnəbilər olmadan elitada qalmağı mümkün olmayacağını vurğulayıb. Bu səbəbdən büdcə bir qədər artırılıb və məhdud sayda legioner gətirilməsi lazım bilinib. Yerli oyunçuların bazar qiyməti limitin azaldıması üzündən xeyli artdığı üçün hətta hazırda əcnəbi gətirmək daha münasibdir.
“Şamaxı” məşqçi seçimini də edib. Komandanın yeni baş məşqçisi Ayxan Abbasov olacaq. Bir illik müqaviləyə razılaşan mütəxəssisin təyinatı həftə ərzində rəsmiləşəcək. Daha sonra isə transfer çalışmaları başlayacaq, təlim-məşq toplanışının yeri və vaxtı müəyyənləşəcək.
Rəfael Məhərrəmli (Səbail), Adil Nağıyev (Səbail), Rauf Hüseynli (Qəbələ), İlkin Muradov (Zirə) kimi klubsuz qalan futbolçularla danışıq aparan “Şamaxı”, aparıcı klublarda heyətə düşməyən gəncləri icarəyə götürməyi planlayıb. Daha sonra isə problemli mövqelərə legioner transferi reallaşacaq.