Milli çempionatlarda yay fasiləsi başlayıb. Klublar yeni mövsümün planlarını cızır, hazırlıq üçün məkan seçir, heyətini yeniləyir. Ümidləri doğrultmayan futbolçular yola salınır, yeniləri gətirilir.
“Araz-Naxçıvan” prosesə hamıdan əvvəl başlayıb. Muxtar respublika təmsilçisi ötən yaydan dərs çıxarıb. Bir il öncə elitanın debütantı kimi həm hazırlığa başlamaqda, həm transferlərdə yubanan klub indi hamıdan əvvəl tərpənir. Artıq “Araz-Naxçıvan” 4 yeni oyunçu transfer edib, 8 nəfərlə də anlaşma yenilənib. Tezliklə yola salınan legionerlərin adı bəlli olacaq, onların əvəzinə yeni əcnəbilər gətiriləcək.
Kəsəsi, adi iş prosesidir, ilin indiki vədəsində məhz elə bu cür də olmalıdır. Amma…
…Amma klub bütün bu işləri Bakıda görür, Naxçıvanı hətta yada da salmır. Sözdə Naxçıvan, reallıqda Mərdəkan təmsilçisindən bəhs edirik. Yalandan futbol coğrafiyamızın genişlənməsindən danışırıq, əslində isə paytaxtda məskən salan rəhbərlik özünü əziyyətə salıb muxtar respublikaya tərəf baxmağı belə lazım bilmir.
Ötən mövsüm start götürməmiş klub rəhbərliyi 6 ay ərzində Naxçıvan stadionunda təmir işlərinin başlayacağını vəd edirdi. Hətta mövsümün sonluğunda rəqiblər muxtar respublikaya yollanacaqdı. Zaman büdcənin legionerlərə dağıdıldığını, infrastukturun yaxşılaşdırılması üçün heç bir işin görülmədiyini göstərdi. Komanda Mərdəkanda dəstəksiz, doğma şəhər komandasız yaşamağa davam edir.
Rəsmi açıqlamalar tam fərqlidir, reallıq isə odur ki, Naxçıvan stadonunda təmir işlərini heç kim boynuna götürmür. Nə arenanın sahibi olan yerli orqanlar, nə də ondan istifadə etməli olan klub addım atmır. Onlar hətta əl-ələ verməyi də artıq iş sayır. Görünür, hər iki tərəfə belə vəziyyət daha sərfəlidir. Naxçıvanda özlərinə əlavə problem istəmirlər, klub rəhbərliyi isə Bakıdakı rahatlıqlarını pozmur.
Kluba bu məsələ ilə bağlı müracət edib Naxçıvana nə vaxt köçməyi planlaşdırdıqlarını soruşduq: “Naxçıvan şəhər stadionu ilə bağlı layihələndirmə işləri aparılır. Bu mərhələ başa çatdıqdan sonra görüləcək işlərlə, eləcə də komandanın ev oyunlarını keçirəcəyi məkanla bağlı ictimaiyyətə məlumat veriləcək”.
Təsəvvür edirsizmi, klubun mətbuat xidmətinin cavabı ötən yayda dediklərinin eynisidi. Premyer Liqada ikinci mövsümə hazırlaşırlar, amma hələ layihələndirmə işləri indi aparılır. Yəqin bu proses qışadək çəkəcək, daha sonra təmirin başlaması üçün əngəllərlə bağlı növbəti bəhanələr sıralanacaq, sonra nəvaxtsa təmir başlayacaq və komanda 2-3 il də paytaxtda gün keçirəcək.
Bəs, Peşəkar Futbol Liqası bu yöndə kluba hər hansı təzyiq edə bilərmi? Axı, “Araz-Naxçıvan”ın doğma meydanda oynamaması qurumun, yarışın imicinə zərbədir. Qurumun mətbuat xidmətinin rəhbəri Sənan Abdullayev bunları dedi: “Peşəkar Futbol Liqasının tələbi klubların Əsasnamə ilə standartlara cavab verən stadion təmin etməsidir. Bu gün klublarımızın qarşısına şəxsi stadion tələbi qoya bilmərik. Premyer Liqa səviyyəsində stadionlarımız o qədər də çox deyil. Əslində, bu, tək bizdə deyil. Dünyada da bir stadiondan iki komandanın yararlanmasına dair onlarla nümunə var. Çox arzulayırıq ki, xüsusilə Premyer Liqada oynayan klubların şəxsi stadionları olsun. Bura “Araz-Naxçıvan”, “Kəpəz” və digərləri də daxildir. Amma hazırda müəyyən fors-major halları mövcuddur. Ümid edirik ki, yaxın gələcəkdə bu məqamlar müsbət yöndə həllini tapacaq”.
PFL tələb edə bilmir, klub vaxt uzadır, naxçıvanlılar isə muxtar respublikanı təmsil edən komandanı özlərinin də canlı izləyəcəyi günü gözləyir. Komanda I Liqada olanda bu, mümkün idi, Premyer Liqaya vəsiqə qazanılması ilə onların bu imkanı da əldən çıxdı. Naxçıvan sənəd üzərində futbol üzrə ölkə çempionatında təmsil olunur, reallıqda isə muxtar respublikada top oyunu adına heç nə yoxdur. Görünür, bölgələrdə futbolun inkişafı yalnız döşəyatan şüardır, illərdir futbol təsərrüfatında olan bəzi insanlar isə ondan vasitə kimi yararlanır.
FƏRİD