“Fernandu Santuş böyük məşqçidir və nəticələri var. Təcrübəli mütəxəssisdir, amma Azərbaycan yığmasında necə olacaq, bunu gözləyib görəcəyik” – bu sözləri futbolinfo.az-a açıqlamasında Azərbaycan yığmasının sabiq üzvü Əfran İsmayılov deyib.
Sabiq yarımmüdafiəçi millimizin baş məşqçi postuna təyin olunan portuqaliyalı mütəxəssis Fernandu Santuş barədə fikirlərini açıqlayıb: “Gözləmək lazımdır, birlikdə görəcəyik. Ümumiyyətlə, nə qədər yerli tərəfdarı olsaq da, yığma komandanın uğurunu arzulamalıyıq. Əsas budur. Mən həmişə millini klublardan üstün tutmuşam. Çünki Azərbaycan yığması Avropa çempionatına və ya dünya çempionatının final mərhələsinə vəsiqə əldə etsə, böyük uğur olar. Bu, mənim üçün hansısa klubumuzun Çempionlar Liqasında ¼ final, yarımfinal oynamasından daha üstündür. Ürəyim və dualarım milli ilədir. Santuş keçmişdə yaxşı məşqçi olub, son zamanlar heç də uğurlu olmayıb. Ümid edirəm ki, Azərbaycan yığmasında özünü göstərə biləcək”.
“69 yaşlı məşqçinin təyinatını doğru sayırsız” sualına isə İsmayılov belə cavab verib: “Doğru addım saysam da, saymasam da, bu təyinat artıq reallaşıb. Əvvəl soruşsaydız, deyərdim ki, nə qədər təcrübə olsa da, 69 yaşlı məşqçi millidə o gücü, xarakteri göstərə bilməz. Amma ola bilər ki, yaxşı nəticələr və oyun göstərsin. Son zamanlar getdiyi yerlərdən 3-4 ay sonra qovulub. Mənim üçün nə qədər yanlış qərar olsa da, gözləyəcəyik. Ümid edirəm ki, nəticə yaxşı olar”.