“Qarabağ” Şahruddin Məhəmmədəliyevi geri qaytarıb. Yaxın saatlarda millimizin qapıçısının Ağdam klubu ilə müqavilə bağlaması rəsmən açıqlanacaq.
Futbolinfo.az xəbər verir ki, ötən mövsümü “Adana Dəmirspor”unda keçirən qolkiper Türkiyə təmsilçisi ilə yollarını ayırıb. O, maliyyə məsələləri üzündən çempionat başa çatan kimi anlaşmanı birtərəfli pozmuşdu.
Daha sonra “Neftçi”, “Sabah” və “Turan Tovuz”dan təklif alan, amma karyerasını ölkə xaricində davam etdirmək niyyətində olan Şahruddinə uzun illər şərəfini qoruduğu “Qarabağ”dan dəvət olmamışdı. Lakin vəziyyət elə alındı ki, ağdamlılar sonda yenidən ona müraciət etməyə məcbur qaldı.
Layiq olmadığı qədər yüksək maaş istəyən Andrey Lunyovu, ardınca heyətə düşmədiyi üçün ayrılmaq qərarı verən Luka Quqeşaşvilini yola salan çempion, Fabian Buntiçi transfer etmişdi. Klub rəhbərliyi daha bir əcnəbi qolkiperlə anlaşmaq və qapı xətti ilə bağlı problemi yoluna qoymaq niyyətində idi. Lakin Amin Ramazanovun hazırda davam edən toplanış vaxtı qəfildən sıradan çıxması və uzun müddət oynamayacağının dəqiqləşməsi “Qarabağ”ı Şahruddinlə tələsik danışıqlara vadar etdi. Daha yaxşı yerli qapıçı tapmaq mümkün olmadığından, Məhəmmədəliyevlə tələsik müqavilə imzalanıb.
Bu anlaşmanı vacib edən digər səbəb Çempionlar Liqasının oyunlarına qısa müddət qalmasıdır. “Qarabağ” səviyyəli legioner qapıçı tapmaqda da çətinlik çəkir və Şahruddin hazırda ehtiyat qüvvə kimi ən arzulanan şəxsdir. Ona görə də Məhəmmədəliyevlə danışıqlar qısa sürüb və o, doğma klubuna qayıtmağı qəbul edib.