Təlim-məşq toplanışını Ərzurumda davam etdirən “Araz-Naxçıvan” ilk yoxlama görüşündə Türkiyə Superliqası təmsilçisi “Alanyaspor”la heç-heçə edib – 1:1.

Futbolinfo.az xəbər verir ki, bu oyunda debüt edən Naxçıvan təmsilçisinin yeni transferi Benni təəssüratlarını bölüşüb.

İkinci hissədə çıxış edən portuqaliyalı çatışmazlıqların olduğunu bildirib: “Alanyaspor”la oyun yoxlama xarakteri daşısa da, biz meydanda sanki günlərlə keçdiyimiz məşqlərin hesabatını verməyə çalışdıq. İlk oyunumuz idi, çatışmazlıqların olması normaldır, amma müsbət məqamlar da vardı. Məncə, ilk addımımız pis alınmadı, ancaq vacib olan baş məşqçinin fikirlərini və istəklərini düzgün icra etməkdir. Tədricən buna nail olacağımızı vurğulaya bilərəm”.

27 yaşlı yarımmüdafiəçi keçidi haqda da danışıb: “Menecerim Eren bəy Azərbaycandan təklif gəldiyini bildirdi. Futbolçu həyatı elədir ki, hər zaman yeni çağırışlara hazır olmalısan. Bu baxımdan “dəyərləndirək” dedim. Artıq bir həftədir ki, “Araz-Naxçıvan”ın düşərgəsindəyəm. Çox yaxşı, intizama riayət edən bir kollektivimiz var. Hər kəs bir-birinə mehriban davranır, kömək etməyə çalışır. Təbii ki, klubun da bir hədəfi var və buna nail olmaq üçün əlimizdən gələnin maksimumunu edəcəyik. Yeni mövsümə hazırlığımız yüksək səviyyədə davam edir. Start uğurlu olmalıdır. Bunun üçün də biz futbolçular maksimum çalışmalıyıq”.

Futbolçu ölkəmiz və çempionatımız haqqında müəyyən bilgilərə sahib olduğunu, bu işdə ona keçmiş komanda yoldaşlarının kömək etdiyini bildirib: “Əlbəttə, “hə” dedikdən sonra həm formasını geyinəcəyim klub, həm də liqa haqqında məlumat topladım. Bu işdə mənə ən çox vaxtilə bir komandada oynadığım, indi isə karyerasını ölkənizdə davam etdirən bir neçə futbolçu kömək etdi, dolğun məlumat verdilər. Burada olmaq və oynamaq karyerama müsbət mənada təsir edəcək”.

Qeyd edək ki, Benni indiyə qədər Portuqaliyanın “Farmaçao”, “Oeiras”, “Belenenses”, SAD, “Benfika B”, “Çaves”, “Uniao Torreense” və Kiprin “Doxa Katokopias” klublarında çıxış edib.

Shares: