“Qarabağ”ın yolu yenə uzun olacaq. Avrokuboklarda qrup mərhələsinə qalacağı şübhə doğurmayan ağdamlılar ilk addımı atdı.

Çempionumuzun mübarizəyə 2-ci mərhələdən başlaması, zəif rəqiblə üz-üzə gəlməsi kiminsə hədiyyəsi deyil. “Qarabağ” bunu illərlə çəkdiyi əziyyət hesabına özü qazanıb. Toplanan reytinq xalları indi komandanın yolunu hamarlaşdırıb. Və indi Qurban Qurbanovun yetirmələri əkdiyi ağacların meyvəsini yığır.

Cəbəllütariqdə avrokubok mövsümünə başlayan “Qarabağ” rahat qələbə qazandı. Komanda “Linkoln”la ötən il də qarşılaşmışdı. Lakin bu dəfə hər şey daha rahat alındı. Heyətini qoruyan təmsilçimiz əla futbolla bəlkə də növbəti mərhələyə vəsiqə verəcək qələbəni qazandı. 2:0 ev oyunu ərəfəsində mühüm üstünlükdür. Bu, Çempionlar Liqasında yola davam etmək, eyni zamanda ən azı Konfrans Liqasının qrupuna vəsiqəni təmin etmək baxımından mühüm idi.

“Qarabağ” yeni mövsümə yaxşı hazırlaşdığını nümayiş etdirdi. Komanda ilk hissənin sonlarında tempi qaldıran kimi ardıcıl şanslar qazandı və onlardan birini qola çevirdi. İkinci hissədə davam edən ərazi üstünlüyü nəticənin daha da yaxşılaşdırılmasına yardım etdi. Cavab matçının formallığa çevrildiyi şübhə doğurmur.

Ağdamlılar dünən təkcə qələbə qazanmadı, sıx müdafiə olunan rəqibə qarşı hücum variantlarını da sınadı, əla məşq etdi. Cırtdan ölkə təmsilçisi Qurbanovun yetirmələrinə diş göstərəcək gücdə deyil, komandamız növbəti mərhələlər üçün sürət yığmaq baxımından bu matçı əla dəyərləndirdi.

“Qarabağ” həm də növbəti dəfə həm özünü, həm də ölkənin reytinq ballarının yüksəlməsinə töhfə verdi. Digər klublarımız üçün nümunə olası nəticə qazanıldı, davamının gələcəyi də şübhə doğurmur. İndi soyuqqanlı olmaq, “Linkoln”u Bakıda da yenmək lazımdır.

FƏRİD

Shares: