Avrokubokların 2024/25 mövsümü “Qarabağ” üçün yaxşı başladı. Çempionlar Liqasının II təsnifat mərhələsində Cəbəllütariqdə “Linkoln”un qonağı olan “köhlən atlılar”ın rahat qələbə qazanacağı gözlənilən idi.
Hər nə qədər rəqib ötənilki ev oyununda Qurban Qurbanovun yetirmələrinə çətinlik yaşatsa da, bu dəfə eyni ssenarini izləməyəcəyimiz aydın idi. Çünki keçən yayla müqayisədə bu dəfə “Qarabağ”dan az sayda futbolçu ayrılıb.
Heyətinin özəyini qoruyan çempionumuzda yalnız qapı xəttində dəyişiklik baş verib. Andrey Lunyov və Luka Quqeşaşvilinin gedişi fonunda Fabian Buntiç transfer edilib, Şahruddin Məhəmmədəliyev isə 1 illik fasilədən sonra geri qayıdıb. Buntiçin Lunyovu layiqincə əvəzləyəcək potensialda olub-olmadığını bir oyuna əsasən müəyyənləşdirmək mümkün deyil. Düzdür, Fabian “Qarabağ”dakı ilk rəsmi matçında səhvlə yadda qalmadı. Amma bu görüşdə Buntiçə o qədər də iş düşmədi. Fabian ilk hissədə, ümumiyyətlə, işsiz qaldı. Onun nəyə qadir olduğunu növbəti mərhələlərdə anlaya biləcəyik.
Matç başlayan kimi ön xətdə pressinq tətbiq edən “Qarabağ” topa nəzarəti ələ keçirməkdə çətinlik çəkmədi. İlk hissənin ortasından etibarən Qurban Qurbanovun komandası təzyiqi artırmağa başladı. Rəqib qapısına ünvanlanan birinci təhlükəli zərbəni 38-ci dəqiqədə izlədik. Yassin Benzianın yerinə yetirdiyi cərimə zərbəsini “Linkoln”un qapıçısı dəf edə bildi. Cəmi 2 dəqiqə sonra isə qolkiper Santana növbəti dəfə yaxşı oynayaraq, komandasını real qoldan xilas etdi. Belə ki, Marko Veşoviçin əla ötürməsindən sonra Abdullah Zubirin yaxın məsafədən zərbəsinin qol olmasına məhz qapıçı imkan vermədi. Zubir 1 dəqiqə sonra yenidən diqqət mərkəzinə düşsə də, onun budəfəki həmləsi qapının yanından keçdi. Daha sonra Veşoviç fərqlənməyə yaxın oldu. O, rəqib müdafiəçidən ustalıqla sıyrılıb qapıya zərbə vursa da, Santana yenə komandasının köməyinə çatdı.
Ardıcıl hücumlar qolun gəldiyini hiss etdirirdi. Elə də oldu. “Qarabağ” əsas vaxta əlavə olunmuş ikinci dəqiqədə “Linkoln”u, həmçinin Santananı məyus etməyi bacardı. Benzianın meydanın mərkəzindən əla ötürməsindən sonra Juninyo topu sinəsi ilə qəbul edərək qüvvətli zərbə ilə toru silkələdi.
Fasilədən sonra hesabda geri olan meydan sahibləri hücuma atıldılar. “Linkoln”un “Qarabağ”ın qapısına ilk zərbəsi saatın tamamında qeydə alındı. Onda da Buntiç topu tutmaqda çətinlik çəkmədi. Qolkiper az sonra uzaq məsafədən qüvvətli olmayan zərbə zamanı da səhvsiz oynadı.
“Qarabağ”ın cavab hücumları daha təhlükəli alındı. Əvvəlcə Juninyonun yaxın məsafədən zərbəsini qapıçı ayaqları ilə çıxartmağı bacardı. 75-ci dəqiqədə isə “Qarabağ” üstünlüyünü 2 topa çatdırdı. Toral Bayramov uzaq məsafədən qarşısıalınmaz zərbə ilə baxımlı qola imza atdı.
Matçın qalan dəqiqələrində iki diqqətçəkən məqam yaşandı. 83-cü dəqiqədə Qurban Qurbanov mümkün 5 əvəzetmənin hamısından eyni anda istifadə etdi. O, Marko Veşoviçi Mateus Silva, Marko Yankoviçi Patrik Andrade, Julio Romaonu Aleksey İsayev, Yassin Benzianı Hamidu Keyta, Abdullah Zubiri isə Nəriman Axundzadə ilə əvəzlədi.
Digər diqqətçəkən epizod isə matçın son dəqiqələrində yaşandı. Leandro Andrade zədələndiyi üçün oyunu başa çatdıra bilmədi. Qurbanov bütün əvəzetmələrdən istifadə etdiyi üçün “Qarabağ” matça əlavə olunmuş dəqiqələri 10 nəfərlə keçirmək məcburiyyətində qaldı. Buna baxmayaraq, Ağdam klubu hesabda dəyişikliyə imkan vermədi və Cəbəllütariqdən 2:0 hesablı qalibiyyətlə qayıtdı.
Bu hər kəsə bəllidir ki, “Qarabağ”ın avrokubok macərası hər dəfə yüksələn xətt üzrə inkişaf edir. Adətən ilk matçlarda özünə tam bənzəməyən “köhlən atlılar” oyundan-oyuna əsl formalarını yığırlar. Son illərlə müqayisə etsək, əminliklə söyləyə bilərik ki, “Qarabağ” bu dəfə ilk görüşünə daha yaxşı formada çıxmışdı. Komandanın hazırkı vəziyyətinin ürəkaçan olduğunu yoxlama matçlarından da hiss etmək mümkün idi. Bunda isə yazının əvvəlində qeyd etdiyimiz kimi, heyətin özəyinin qorunması müstəsna rol oynadı. Eyni zamanda təmsilçmizin ilk mərhələdən azad olmasının faydasını da qeyd etməliyik.
Qurban Qurbanovun komandası ənənəsinə uyğun olaraq, getdikcə formasının pik həddinə çatacaq. Bakıdakı qarşılaşmada da “Qarabağ”ın “Linkoln” üzərində qələbə qazanması, beləcə ölkənin reytinq xalını bir qədər də artırması vacibdir. Bu fürsəti boşa vermək olmaz. “Qarabağ”ın tarixi uğurunu bu il təkrarlayacağına da inam böyükdür. Söhbət Çempionlar Liqasının qrup mərhələsinə vəsiqədən gedir. “Qarabağ” bunu bacaracaq gücdə, hazırkı heyət missiyanın öhdəsindən gələcək səviyyədədir.
ABBAS