“Sumqayıt” çətin vəziyyətə düşüb. Konfrans Liqasının “Fehervar”la cavab oyunu üçün meydana buraxmağa ikinci mərkəz müdafiəçisi yoxdur.

Futbolinfo.az xəbər verir ki, Elvin Bədəlovla tandem təşkil edən Murad Xaçayevin qırmızı vərəqə almasından sonra “kimyaçılar” çarəsiz qalıb. Komandanın digər müdafiəçisi İsa Suliman ağır zədə alaraq 6 aylıq sıradan çıxıb. Klub rəhbərliyi vaxtında ona əvəzedici tapmadığından, indi müşkül vəziyyətdədir.

Komandada bu mövqedə oynamağı bacaran digər xətt oyunçularından yalnız Vüqar Mustafayev var. Dayaq yarımmüdafiəçisi macarlarla ilk oyunda sonradan meydana çıxaraq Xaçayevi əvəzləməyə çalışmışdı. Baş məşqçi Samir Abasov bir müddət Səbuhi Abdullazadəni müdafiənin mərkəzində sınamış, məhz onun səhvlərindən sonra qonaqlar iki qol vurmuşdu.

Cavab matçında Bədəlovla Mustafayev yanaşı oynayacaq ki, Vüqar məcburiyyətdən bu rola razılaşacaq. Onlardan birinin sıradan çıxması isə “Sumqayıt” üçün faciəyə bərabər olacaq.

Vaxtında transferlərin reallaşmaması, ehtiyat qüvvənin təmin edilməməsi bəlkə də mümkün uğurun üstündən xətt çəkəcək. İlk oyun göstərdi ki, “Fehervar” keçilməsi mümkün olan rəqibdir. Hesabda öndə olan “Sumqayıt”, Xaçayevin qovulması və onun əvəzinə eyni amplualı birinin meydana buraxılmaması nəticəsində yenildi.

Məsuliyyətsizliyin baş məşqçi Samir Abasovun, yoxsa ona transfer üçün büdcə ayırmayan rəhbərliyin günahı olduğunu bilmirik. Dəqiq olan komandanın cavab matçında da bunun əziyyətini çəkəcəyidir.

AĞA

Shares: