“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Bakıda Bolqarıstan təmsilçisi “Ludoqorets”ə qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyunundan əvvəl mətbuat konfransında iştirak edib.

Futbolinfo.az xəbər verir ki, təcrübəli mütəxəssis futbolçuların hazır olduğunu bildirib:

“Çox vacib matça çıxacağıq. Rəqib təcrübəyə malikdir. Əvvəlki oyunlara nisbətən istədiyimiz kimi hazırlaşmamışıq. Buna baxmayaraq, görüşün vacib olduğunu bilirik. Həmişəki kimi azarkeşlərin baxımlı oyun izləməsini istəyirik. Yaxşı nəticə əldə etməyə çalışacağıq. Rəqibin əvvəlki qarşılaşmalarındakı nəticələrinə baxmırıq. Onlar bizi aldatmalı deyil. Sabah çox diqqətli olmalıyıq”.

Təcrübəli mütəxəssis pley-off mərhələsində potensial rəqibləri olan Xorvatiyanın “Dinamo” (Zaqreb) klubu haqqında qısa danışıb:

“İstənilən püşkatmaya normal yanaşmışam. Bu turnirdəki hər komanda öz ölkəsinin çempionudur. Onlara qeyri-ciddi yanaşa bilmərik. İlk olaraq hazırkı rəqibi düşünürük. Sabahkı oyunda üstünlük bizi aldatmamalıdır. Rəqibin heyətində keyfiyyətli futbolçular var. Bizə favorit gözü ilə baxırlarsa belə, reaksiya verməli deyilik”.

Avqustun 6-da Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq “Qarabağ” – “Lüdoqorets” görüşü saat 20:00-da başlayacaq.

Shares: