“Səbail” klubunun müdafiəçisi Cabir Əmirlinin futbolinfo.az saytına müsahibəsi
– Misli Premyer Liqasının ikinci turunda “Nefçi” ilə heç-heçə (1:1) etdiniz. Bu nəticəni gözləyirdiniz?
– Hər oyuna olduğu kimi, bu matça da yaxşı nəticə qazanmaq üçün hazırlaşmışdıq. Görüş ərzində çoxlu qol imkanımız oldu. Qalib gələ də bilərdik. Amma təəssüf ki, alınmadı. Hələ çempionat yeni başlayıb. “Neftçi” kimi güclü rəqiblə oyunda xal qazandıq. Bu xal bizə növbəti matçlara daha inamlı çıxmaq baxımından vacib idi.
– İlk turda “Zirə”yə böyük hesabla (1:4) uduzmuşdunuz. Həmin məğlubiyyətdən sonra toparlanmaq çətin olmadı? Bunun öhdəsindən necə gəldiniz?
– İlk turda birinci hissədə oyunumuz istədiyimiz kimi alınmadı. İstər oyun, istərsə də nəticə baxımından geri düşdük. “Zirə” ilə görüşdə fasilədən sonra toparlana bildik. Qol da vurduq. Məğlub olsaq da, o matçı geridə qoyub növbəti oyunlara hazırlaşmalı olduğumuzu dərk etdik. Bunun da sayəsində “Neftçi” ilə görüşdən xalla ayrılmağı bacardıq.
– “Səbail”də yeni futbolçu çoxdur. Demək olarmı ki, yeni transferlər tam adaptasiya olduqdan sonra komandanız daha yaxşı nəticələrə imza atacaq?
– Bəli, komandamız yenidir. Bunun nəticələrə də müəyyən qədər təsiri var. Ötən mövsümlə müqayisədə bu il heyətdə dəyişiklik çoxdur. Lakin hər birimiz professional futbolçularıq. Komandamızın yaxşı nəticə qazanması üçün meydanda əlimizdən gələni etməliyik. Yeni futbolçuların uyğunlaşma prosesi maksimum dərəcədə tez keçsə, daha uğurlu nəticələrin olacağına inanıram.
– Növbəti turda “Sumqayıt”ın qonağı olacaqsınız. Bu matçdan gözləntiniz nədir?
– Bizi güclü rəqibə qarşı çətin və maraqlı oyun gözləyir. Amma bu, bizi qorxutmur. Əlimizdən gələnin ən yaxşısını edib Sumqayıt səfərindən yaxşı nəticə ilə qayıtmaq istəyirik.
– “Səbail”in cari mövsümdə gücü hansı yerlər uğrunda mübarizə aparmağa çatacaq?
– Hər birimiz komandamızın uğurlu mövsüm keçirməsini istəyirik. Bunun üçün çalışacağıq.
CAVAD