Bir neçə gün əvvəl Parisdə Yay Olimpiya Oyunlarına yekun vuruldu. Gələn həftə isə Fransanın paytaxtında Paralimpiya Oyunlarına start veriləcək.
Paris tarixində birinci dəfədir ki, əlil idmançıların ən mötəbər yarışına ev sahibliyi edəcək. Ənənəvi olaraq ölkəmiz də bu oyunlarda iştirak edəcək. Komandamız yarışlarda 9 idmançı ilə təmsil olunacaq.
Məlumdur ki, bütün dünyada əlillərə diqqət və qayğının yüksək səviyyəyə qaldırılması üçün böyük işlər görülür. Hətta bunun üçün BMT-nin xüsusi konvensiyası da mövcuddur. 1992-ci ildə qəbul edilmiş bu konvensiyanın əsas məqsədi əlillərin hüquqlarının qorunması, onların digər insanlardan fərqləndirilməsinin qarşısının alınmasıdır. Azərbaycan da dünya ictimaiyyətinin tamhüquqlu ölkəsi olduğu üçün bu konvensiyaya imza atmış dövlətlərdəndir. Ölkəmizdə bununla bağlı ciddi işlər görülür. Əlillərin problemlərinin dərhal həll olunmasına çalışılır.
Əlbəttə ki, fiziki cəhətdən qüsurlu insanları maddiyyatdan başqa digər şeylər daha çox düşündürür. Onların ən böyük problemi səhhətlə yanaşı sosiumun bir hissəsi olmaqdır. Bu baxımdan paralimpiya turnirlərinin keçirilməsi fiziki qüsurlu idmançılara əlavə motivasiya verir, onların həyata tutunmasına yardım göstərir.
Bu gün dünya əhalisinin 10%-i əlildir. Bu kateqoriyadan olan insanlar fiziki, sosial-iqtisadi, əxlaqi maneələrlə üzləşirlər. Bu maneələr onların cəmiyyətdə tamhüquqlu fərd kimi iştirak etməsinə əngəllər yaradır.
İdmanla daimi məşğuliyyət əlil insanların həm reabilitasiyasının bir hissəsidir, həm də onların sosial fəallığının artımına yardım edən məqamdır. Bədən tərbiyəsi əlillərin nəinki sağlamlığına yardım edir, həmçinin onların əhatə dairəsinin genişlənməsinə şərait yaradır. Bu şəraitin mövcudluğu onlarda olan müxtəlif istedadlarının ortaya çıxmasına kömək edir.
Əlil olmaq idmandan uzaqlaşmaq demək deyildir. Əksinə, idman əlillərin fiziki formada qalmasına yardım edir, onların daha həyatsevər olmasına imkanlar yaradır. Burada əsas məqam öz gücünü düzgün müəyyənləşdirmək, yalnız fayda verə biləcək hərəkətləri etməkdir.
Əlillərin həyatında bədən tərbiyəsi və idmanın əhəmiyyəti
Müalicəvi əhəmiyyəti: bədən tərbiyəsi və idman ənənəvi fiziki reabilitasiya üsullarına əlavə olaraq istifadə edilə bilən terapevtik məşqlərin təbii formasıdır. Əlil bir insanın gücünü bərpa etmək, hərəkətlərini əlaqələndirmək qabiliyyəti, sürət və dözümlülüyün inkişafı üçün onların əhəmiyyəti danılmaz bir faktdır;
İdmanın istirahət kimi psixoloji əhəmiyyəti: əlil insan hər bir məşqi təkcə qələbə, gücü bərpa etmək üçün əzələ mübarizəsi kimi deyil, həm də sevinc mənbəyi kimi qəbul etməlidir. İdmanın formal fiziki məşqdən əhəmiyyətli üstünlüyü var – bu, istirahət faktorudur. İdman oyun fəaliyyətinin modeli kimi hər bir insana xas olan sevinc və məmnunluğu ifadə etmək ehtiyacını yerinə yetirir;
Bədən tərbiyəsi və idmanın sosial əhəmiyyəti: bu, əlillərin cəmiyyətə sosial inteqrasiyası vasitəsi, onları bərabərhüquqlu vətəndaşlar kimi tanıyaraq xarici dünya ilə əlaqəni bərpa etmək və ya qurmaq üçün güclü stimuldur.
(davamı olacaq)
İLQAR AĞAYEV
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.
Sahə: Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu