Dünən Rövşən Nəcəfin AFFA prezidenti postunda 5-ci ayı tamam oldu. Bu müddətdəki işini yalnız “quyruqlu 5-lə” qiymətləndirə biləcəyimiz şəxs özünü hələ də isbatlaya bilməyib.

Önəmli postlara təyinatlardan onun bilmədiyi sahədə təkbaşına, məsləhətsiz hakimiyyət eşqində olduğunu gördük. Milli komandanın baş məşqçisini, Hakimlər Komitəsinin sədrini seçərkən, Nəcəf təkbaşına qərar verdi. Əcnəbi kadrları gözəgörünməz məsləhətçiləri ilə müzakirələrdə müəyyənləşdirdi, oyuncaq quruma çevirdiyi İcraiyyə Komitəsinin seçimiymiş kimi təsdiq etdirdi.

Hətta bir az da irəli gedib Fernandu Santuşla Frank de Blekerin təyinatlarını qanunsuz da saymaq olar. İcraiyyə Komitəsi namizədlərlə danışıqlar aparılması barədə qərar verdi, daha sonra həmin danışıqların sonucunda təyinat rəsmiləşdi. Yəni ki, bu şəxslərin təsdiqlənməsi üçün iclas keçirilmədi. Millinin baş məşqçisi üçün olub-olmadığı bilinməyən, onlayn formatda müzakirələr aparıldığı deyildi, Hakimlər Komitəsinin sədrinin təyinatı isə bugünədək təsdiqlənməyib. Hər halda, İK üzvlərinin mücərrəd bir şəxs barədə önqərarı var, yekun qərarı yox.

Nəcəfin belə idarəetməsinin nəticəsdir ki, artıq onunla birlikdə AFFA-da hakimiyyətə gələn qüvvələr arasında qarşılıqlı inamsızlıq mühiti formalaşıb, vitse-prezidentlər formal fiqur olduqlarını anlayıblar. Rövşən bəyin təkbaşına qərarları xoşa gəlmir, öz komanda yoldaşları onun səhvlərini gözlənilən uğursuzluqlar zamanı sifətinə çırpmaq üçün arxivləşdirirlər.

Artıq SOCAR-dakı kreslosu da laxlayan Nəcəf, vəzifəyə gələrkən platformasını açıqlamamışdı. Kresloda oturandan sonra futbolun inkişaf strategiyasının hazırlanması üçün iş görməyə başlayıb. Amma onun Belçikada oturub cızma-qara edən tərəfdaşları Azərbaycan reallığını öyrənməyi artıq iş hesab edir. Futbol ictimaiyyəti, jurnalistlər təkliflər hazırlayıb, AFFA onları ümumiləşdirib, müqaviləylə yüzminlər alacaq “Double Pass” və “McKinsey & Company” şirkətlərinin nümayəndələrinə təqdim edib. Bu şirkətlər öz şablonlarını strategiya adı altında AFFA-ya sırıyacaq, onun Azərbaycanda reallaşma imkanlarını, yerli şəraiti nəzərə də almayacaq.

Halbuki yerli mütəxəssislər, jurnalistlər daha mükəmməl və işlək bir proqram hazırlaya bilərdi. Yooox, Nəcəfə məsləhəti yalnız əcnəbilər verə bilər; o, Azərbaycanda hamıdan ağıllıdır, hər şeyi yalnız o bilir…

AFFA prezidenti öz işindədir, altıaylıq olmaq üçün ilk günü tamamlayan Nəcəf 8-ci ayda yeni strategiyanı təqdim etmək istəyir. Onadək baş katib postuna bir əlaltısını oturdacaq və futbolu kabinetdən, bu sahədən xəbərsizlərin məsləhəti ilə idarə edəcək.

Ölkə futbolunun sabahı “Neftçi”nin bugünündən fərqlənməyəcək. Paytaxt klubunun avrokubokdan kənar qalması, 5 tur ərzində qələbə qazana bilməməsi indiki rəhbərlikdən daha çox məhz Rövşən bəyin günahıdır. Strategiyanı o cızıb, təyinatları o edib, büdcəni o dağıdıb və 2 ilə 70 milyon manat xərcləyən “Neftçi” hələ də özünə gələ bilmir.

Rövşən bəyin Sərgən Yalçının arxasınca göndərdiyi xüsusi təyyarə bəlkə də yerə enməyib. Həmin vaxt xərclərin etalonu elə seçilib ki, milyonluq müqavilə bağlayanlardan Adrian Mutu pis bünövrə qoyaraq qaçıb gedib, Nəcəfin daha bir kadrı Yens Andersson isə “Neftçi”ni içəridən “qaynadır” – daydayı Rövşən bəydir, kimsə bir söz deyə, postundan qova bilmir.

Və “Neftçi”nin bügünkü uğursuzluğunun memarı indi Azərbaycan futbolunun başına torba keçirib arxasınca sürüyür. Nə hesabat verir, nə müzakirəyə ehtiyac duyur, nə də futbol adamları ilə görüşərək onları dinləyir. Bir qırmağına keçdiyi Elşad Nəsirovdur, bir də özü…

5 ayı beləcə yola veriblər, amma qarşıda milli komandanın oyunları var. AFFA-nın fəaliyyətinin güzgüsü məhz yığmanın matçlarıdır. Bir həftə ərzində Nəcəfin işinə qiyməti Santuş verəcək: ya 5, ya da “quyruqlu 5″lə.

VÜSAL MAHMUDOV

P.S.: SSRİ vaxtı təhsil alanlar 5 ballıq qiymətləndirmə sistemində “quyqruqlu 5-in” nə demək olduğunu yaxşı bilir…

Shares: