“İsveçlə Bakıda keçirilən əvvəlki matçda erkən qollar vurmuşduq. Ona görə də rahat oynamışdıq. Bu dəfə isə qol epizodlarımızı dəyərləndirə bilmədik. Bu səbəbdən də çətinliklə üzləşdik”. Bu sözləri milli komandamızın kapitanı Emin Mahmudov Millətlər Liqasının ilk turunda Bakıda İsveçə 1:3 hesabı ilə uduzduğumuz oyun barədə danışarkən deyib.

O qeyd edib ki, rəqibin təzyiqindən çıxa bilməyiblər: “Rəqibin gücü məlumdur. İsveç millisinin heyətində yüksək səviyyəli futbolçular var. Biz isə qol vura bilməyəndə çətinliklə üzləşirik. Rəqibin təzyiqindən çıxa bilmədik”.

Mahmudov penalti zərbəsini onun deyil, Ramil Şeydayevin yerinə yetirməsinə belə aydınlıq gətirib: “Daha əvvəl Ramil də penalti vurub. O epizodda isə xahiş etdi, mən də topu ona verdim, problem yoxdur”.

Millimizin kapitanı sentyabrın 8-də səfərdə Slovakiyaya qarşı keçiriləcək matç barədə də danışıb: “Artıq İsveçlə oyunu unutmalıyıq. Qarşıdakı matçı fikirləşməliyik. Bizim üçün vacib oyundur. Slovakiya millisi də güclü rəqibdir. Çalışacağıq ki, səfərdə yaxşı nəticə qazanaq”.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp