“Kəpəz” klubunun yeni baş məşqçisi Azər Bağırovun futbolinfo.az saytına müsahibəsi

– “Kəpəz”in baş məşqçi postuna təyinatınız necə baş tutdu? Qərar verərkən tərəddüdünüz var idi?

– “Kəpəz”in baş məşqçisi olmağa razılıq verəndə heç bir tərəddüd etmədim. Əksinə, mənim üçün yaxşı çağırış olduğunu düşündüm. Özümdə nəyisə sübut etmək kimi bir hiss var idi. Rəhbərliklə qısa danışığımız oldu və qərarımı verdim.

– Çox çətin məqamda “Kəpəz”in sükanı arxasına keçirsiniz. Komanda çempionatda 5 oyun keçirməsinə baxmayaraq, xalı yoxdur. “Kəpəz”i bu vəziyyətdən çıxarmağı bacaracaqsınız?

– Əslində, elə də çətin dönəm deyil. Düzdür, komanda 5 tur məğlub olub. Amma bunu unudub önə baxmaq lazımdır. Futbolçulara çempionatın hələ yeni başladığını aşılamalıyıq. Bunu bacarsaq və yaxşı kollektiv formalaşdırmaq yönündə addımlarımızı atsaq, istədiyimiz nəticələri əldə edəcəyimizə inanıram.

– Komandanın futbolçuları ilə bağlı ilkin təəssüratınız necədir? İndiki durumda “Kəpəz”də hansı çatışmazlıq sizi daha çox narahat edir?

– Çatışmazlıqlar barəsində danışmaq istəməzdim. Nələri daha yaxşı etmək olar, bunları deyərdim. Düşünürəm ki, hücum xəttində daha rəngarəng futbol oynamalıyıq. Hücumdan müdafiəyə keçiddə nələrisə daha yaxşı etməyə çalışmalıyıq. Bu yöndə çalışmalarımızı artıracağıq.

– Maraqlıdır ki, “Kəpəz”də ilk sınağınız sabiq komandanız “Araz-Naxçıvan”a qarşı olacaq. Bu görüşə şəxsən özünüz psixoloji cəhətdən hazırsınız?

– Özüm həmişə psixoloji cəhətdən hazır oluram. Hər bir oyuna özümü kökləyirəm. “Araz-Naxçıvan”la matç da mənim üçün adi çempionat oyunu olacaq. Bugünkü gündə “Kəpəz” üçün nə xeyirlidirsə, “Araz-Naxçıvan”la görüşdə onu etməyə çalışacağıq. Bundan əlavə, müdafiədə daha təmkinli və səlis oynamalıyıq.

– “Kəpəz” bu mövsüm ilk xal və ya xallarını sizin rəhbərliyiniz altında çıxacağı ilk oyundaca qazana bilərmi?

– İnanıram ki, “Kəpəz”də olduğumuz müddətdə yaxşı, döyüşkən komanda formalaşdıracağıq. Bunu edə bilsək, xallar “Kəpəz”in aktivinə yazılacaq. Mənim üçün ən öndə duran məsələlərdən biri komandada ailə mühiti formalaşdırmaqdır. Hamı bir-birinə görə meydançada vuruşmalıdır.

– Aydın məsələdir ki, qarşınıza komandanı Premyer Liqada saxlamaq tapşırığı qoyulub. Bunun öhdəsindən gəlmək çətin olmayacaq?

– Bununla bağlı futbolçulara ancaq bir şey deyirəm: turnir cədvəlini yaddan çıxartmaq lazımdır. İrəli baxmalı və xallar gəldikcə daha məsuliyyətli olmalı, daha yaxşı futbol göstərməliyik.

AĞA

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp