AFFA-dan ciddi narazılıq başlayıb. Klublar etirazını hələlik açıq şəkildə bildirməsə də, quruma iradlarını dəfələrlə çatdırıblar.

Səbəb klublara ayrılan dövlət yardımının verilməməsidir. İllik 3 milyon olmaqla, hər ay Premyer Liqa iştirakçılarına verilməli olan 300 min manat ödənilməyib. Daha öncə ən pis halda 10 gün gecikən bu yardım, Rövşən Nəcəf AFFA prezidenti olduqdn sonra aylarla yubanır. Bu da klubların işini iflic edir.

Həm də SOCAR-ın prezidenti olan Rövşən bəy bunun izahatını da vermir. Görünür, əcnəbi sevdalısı olan Nəcəf Fernandu Santuş, Frank de Bleker və başqalarının rahatığını təmin etməklə məşğuldur. Eyni zamanda guya strategiya hazırlayan xarici şirkətlərə vəsaitlər vaxtında ödənilir, yalnız klublar arxa plana atılır.

Elita klubları vəziyyətdən çıxış üçün müəyyən variantlar axtarır, ən azı əməkdaşlardan, işçilərdən gözləməyi xahiş edir. Gözünü aylıq 20-30 min manata dikən aşağı liqa klublarında isə vəziyyət daha da acınacaqlıdır. Təsadüfi deyil, artıq bir neçə komanda belə davam edərsə, çempionatda çıxışını dayandırmağa məcbur olacağını bildirib.

Amma Azərbaycan futboluna yalnız əlavə xərc, əlavə problem gətirən Rövşən Nəcəf öz işindədir. Klublar dinlənilmir, hamısı taleyin ümidinə buraxılıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp